2025-ci ilin sonuna Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərə verdiyi kreditlərin ümumi həcmi 7 milyard 80 milyon manata çatıb. Bu, ötən ilin sonu ilə müqayisədə 729,2 milyon manat və ya 11,5% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bankın kredit portfelinin artımında əsas rolu biznes kreditləri oynayıb. Belə ki, ABB-nin biznes kreditləri portfeli bir ildə 435,7 milyon manat (14%) artaraq 3 milyard 545 milyon manata yüksəlib. Bu, bankın ümumi kredit portfelinin təxminən yarısını təşkil edir.
Bankın ikinci böyük artım istiqaməti isə istehlak kreditləşməsi olub. ABB-nin istehlak kreditlərinin həcmi bir ildə 185,5 milyon manat (10,3%) artaraq 1 milyard 984 milyon manata çatıb.
Daşınmaz əmlak kreditləri portfeli isə illik müqayisədə 108 milyon manat (7,5%) artaraq 1 milyard 551 milyon manat təşkil edib.
Xatırladaq ki, əvvəlki ilin sonunda (31.12.2024) ABB-nin ümumi kredit portfeli 6 milyard 351 milyon manat, o cümlədən biznes kreditləri 3 milyard 109 milyon manat, istehlak kreditləri 1 milyard 799 milyon manat, daşınmaz əmlak kreditləri isə 1 milyard 443 milyon manat təşkil edirdi.











