Dünya Bankı müxtəlif ölkələrdə biznes və investisiya mühitinin qiymətləndirilməsində ən mühüm indikatorlardan biri olan illik “Doing Business” hesabatının dərc olunmasını dayandırır.
Dünya Bankı Hesablama Palatasının müstəqilliyini - Yüksək Qiymətləndirib
FED.az xəbər verir ki, bu barədə bankın dünənki rəsmi açıqlamasında qeyd olunur.
2018 və 2020-ci illər üzrə dərc olunan hesabatda bəzi uyğunsuzluqlar və məlumatların işlənməsindəki təhriflər səbəbindən bank ötən il hesabatın dərc olunmasına fasilə vermiş, bu məqsədlə bir sıra audit və yoxlamalar keçirmişdi.
WilmerHale şirkəti tərəfindən aparılan yoxlama Çinin mövqeyinin (78) yaxşılaşdırılması üçün bank rəhbərliyinin, o cümlədən həmin dövrdəki baş icraçı direktor Kristalina Georgiyevanın (hazırda BVF-nun idarəçi direktoru), eləcə də Dünya Bankının prezidenti Jim Yong Kimin ekspert heyətinə təzyiq göstərdiyini aşkara çıxarıb.
Araşdırma ölkəmizlə bağlı maraqlı məqamları da ortaya çıxarıb. Belə ki, “Doing Business” hesabatının əsas rəhbərlərindən biri, baş direktorun müşaviri Simeon Cankov ekspert qrupuna Azərbaycanda biznes mühiti və islahatlarla bağlı məlumatların etibarlılığını təkrar yoxlamağı tapşırıb. Ekspert qrupu bir sıra islahatların rəsmi şəkildə tətbiq edildiyini təsdiqləsə də, Cankov israrla 3 kriteriyada Azərbaycanın mövqelərini “dondurub” və islahatlarla bağlı rəsmi sənədləri (fərman, sərəncam və qərarlar) nəzərə almayıb. Nəticədə, “Doing Business 2020” hesabatının son versiyasında Azərbaycan 2 pillə geriləyərək, 34-cü yerdə qərarlaşıb və “İslahatçılar” siyahısına düşə bilməyib.
WilmerHale-nin araşdırmasının nəticələrinə dair dərc olunmuş hesabatda Simeon Cankovun arqumentlərinin əsassız olduğu və Azərbaycana qarşı açıq qərəzli mövqedən çıxış etdiyi qeyd olunub...
Bankın Direktorlar Şurasının dünənki açıqlamasında “Doing Business” hesabatının dərc olunmasının dayandırıldığı, “biznes və investisiya mühitini qiymətləndirmək üçün yeni yanaşma tətbiq olunacağı” bildirilir.
Xatırladaq ki, Azərbaycan “Doing Business 2009” hesabatında “ən islahatçı ölkə” titulunu qazanıb.
Araşdrma hesabatı ilə buradan tanış ola bilərsiniz. Hesabatın 1,7, 8, 9, 11 və 12-ci səhifələrdə Azərbaycanla bağlı qeydlər mövcuddur.(marja)