Mərkəzin Bank bank sektoru üzrə yeni rəqəmləri açıqlayıb.
Azərbaycan banklarının öhdəliklərinin 81%-ni depozitlər təşkil edib
FED.az Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir ki, 31 May 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 147.5 milyon manat, cəmi öhdəlikləri 42 milyard 817.8 milyon manat, balans kapitalı 6 milyard 329.7 miylon manat olmuşdur. May ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri 0.2% azalmış, balans kapitalı isə 0.1% artmışdır.
May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 milyon manat artaraq 25 milyard 158.2 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.8% (13 milyard 784.7 milyon manat);
ıı) istehlak kreditləri – 29.7% (7 milyard 480.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (3 milyard 893.3 milyon manat).
May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 milyon manat (+2.3%), 153.2 milyon manat (+2.1%) və 52.2 milyon manat (+1.4%) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.4%-i və ya 34 milyard 835.2 milyon manat. Depozit portfelinin 61.5%-i (21 milyard 435.7 milyon manat) hüquqi şəxslərin, 38.5%-i (13 milyard 399.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.9%-i (7 milyard 625.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.8%-i (8 milyard 684.6 milyon manat) milli valyutada, 35.2%-i (4 milyard 714.9 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 301.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.1%-ni təşkil etmişdir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.3 faiz bəndi azalaraq 34.7% təşkil etmişdir.
2024-cü ilin yanvar – may ayında banklar tərəfindən 519.7 milyon manat xalis mənfəət, 732.6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 13.3% artaraq 34 milyard 409.4 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 325 milyon manat azalaraq 2 milyard 273.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 17 milyon 867 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.2 % artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 22.1%, kredit kartları üzrə 15.3% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 259 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 245.6 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 3.3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.2 %-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 1.9%, POS-terminalların sayı 17.7% artmışdır.
31 may 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 483, şöbələrinin sayı 97, ATM-lərin sayı 3,061 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 24 min 188 nəfər təşkil etmişdir.