"SOCAR Petroleum" QSC (SOCAR-ın törəməsi) 2020-ci ilədək Azərbaycanda CNG satışını həyata keçirən YDM-lərin ümumi sayını 14-ə çatdırmağı ümid edir.
Bu barədə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bu gün jurnalistlərə bildirib.
“Hazırda Bakıda və ətraf qəsəbələrdə şirkət tərəfindən sıxılmış təbii qazın (CNG) satışı üzrə 9 stansiya yaradılıb. 2019-cu il ərzində CNG məntəqələrinin sayını 14-ə çatdırmağı nəzərdə tuturuq, fakriki olaraq onların sayı 12-13 ola bilər”, - D.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ildə "SOCAR Petroleum" Bakıda və kənarda 2 CNG-terminal inşa etməyi planlaşdırır.
“Həmçinin, gələcək illərdə ölkənin qərb, cənub və şimal istiqamətlərində əsas yollarda hər 100 km bir sıxılmış təbii qazın (SNG) satışı və elektromobillərin enerji ilə yüklənməsi məqsədilə daha 6 məntəqə yaradılacaq”, - D.Məmmədov bildirib.
O cümlədən, vitse-prezident məlumat verib ki, avtomobil sahibləri nəqliyyat vasitəsində sıxılmış təbii qazdan (CNG) istifadə üçün avadanlığı 18 ay müddətində hissə-hissə ödənişlə quraşdıra biləcəklər.
Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Şirkət 2010-cu ilin may ayında respublikada ilk YDM-lər açıb.
“SOCAR Petroleum” QSC (SOCAR-ın törəməsi) 2018-cim ilin iyul ayında Azərbaycanda sıxılmış təbii qazın (Compressed Natural Gas) pərakəndə satışına başlayıb.
Yanacağın bir kubmetri 0,45 manat təşkil edir.