İkinci əl avtomobil bazarında durğunluq davam edir.
FED.az xəbər verir ki, əmlak bazarı üzrə ekspert Vaqif Hüseynovun sözlərinə görə, son iki ayda olduğu kimi hazırda avtomobil bazarında durğunluq davam edir. Alıcı olmadığı üçün qiymətlərdə dəyişiklik müşahidə edilmir.
“Taksi bazarında “doyma” avtomobil bazarına da təsir edib”
O bildirib ki, bir müddət yeni taksi şirkətlərinin bazara daxil olması ikinci əl avtomobilllərə tələbatı nisbətən artırdı. Hazırda taksi bazarında ciddi dəyişiklik olmadığı üçün avtomobil bazarına da hər hansı təsir hiss edilmir.
“Avtomobili bir ay bazara çıxarıb sata bilməyənlər var”
V.Hüseynov deyib ki, ümumilikdə avtomobil satışının həcmi çox aşağıdır, bazarda avtomobil dövriyyəsi anlayışı sıfırdır: “Şəxsi avtomobili bazara çıxaran vətəndaşlarla söhbət apardım. Bir Aydan çoxdur avtomobili bazara çıxarsalar da, sata bilmədiklərini deyirlər”.
Köhnə “Mercedes”lər yenə “at oynadır”
Məşhur Cənubi Koreya avtomobillərinə maraq azalıb. Söhbət “Kia” və “Hyundai” modellərindən gedir. Səbəbi məlum olmasa da, bu avtomobilləri alanlar azalıb. Satılan avtomobillərin böyük hissəsi yenə köhnə “Mercedes” modellərinin payına düşür. Bunlar əsasən 1998-2002-ci il model “Mercedes E” və “”Mercedes C” modelləridir.
Satışların 40%-i “Niva”nın payına düşür
İkinci əl avtomobil bazarında Rusiya avtomobillərindən daha çox “Lada Niva” satılır. Bu da süni şəkildə formalaşdırılan trendin nəticəsidir: “Əvvəllər “Vaz 2107” necə dəbə minmişdisə, analoji hal bu gün “Niva”da müşahidə edilir”. Hazırda ikinci əl avtomobil bazarında satılan avtomobillərin 40%-i təkcə “Niva”nın payına düşür: “Bazarda satılan 5 maşından 2-si “Niva”dır”.
“Ən ucuz sürülə bilən avtomobil 5 min manatdan ucuz deyil”
Ekspert bildirib ki, hazırda ikinci əl avtomobil bazarında ən ucuz və normal qaydada sürülə bilən avtomobilin qiyməti 5 min manatdan aşağı deyil: “Bu qiymətə indi 1989-1990-cı il model “Mercedes E Class” modelini almaq olar”.
“Mercedes” 10 min, “Kia”, “Hyundai” 10-14 min manata satılır
Qiymətlərə gəlincə, hazırda 1998-2002-ci il model “Mercedes” avtomobilləri 10 min manat civarında satılır. İnsanlarda tez sıradan çıxan avtomobil təəssüratı yaratdığı üçün bazarda istehsal ili nisbətən təzə - 2010-cu ildən yuxarı“Hyundai” və “Kia” daha çox satılır. Bu avtomobillər isə modeldən aslı olaraq 10-14 min manata təklif edilir: “Məsələn, hazırda “Kia Rio” modelini 9 min manata almaq olar”.