Çinin böyük avtomobil qrupu «Geely» şirkəti 2026-cı ilin ilk doqquz ayında satış rekordları vurub.
FED.az xəbər verir ki, yeni məlumatlara görə, şirkət 9 ayda 3 milyon avtomobil satıb, müqayisə üçün bildirək ki, bu, «Audi» və «BMW»nin birlikdə satdığından daha çoxdur.
Qeyd edək ki, «Geely» qrupuna dünyanın müxtəlif ölkələrindən çoxsaylı brendlər daxildir. Söhbət onların hamısının satışından gedir.
Müqayisə üçün bildirək ki, Almaniyanın böyük «Volkswagen» qrupu – ona daxil olan bütün brendlərlə birlikdə bu il ümumilikdə 6 milyon avtomobil satıb.
«Geely Holding Group» 2026-cı ilin ilk üç rübündə 3,002 milyon avtomobil sataraq yeni rekord qırıb. Bunlardan 1,793 milyonu yeni enerji ilə işləyən avtomobillər (EV və hibridlər) olub ki, bu da illik müqayisədə 12,6% artım deməkdir. Onların ümumi satışlarda payı 60%-ə çatıb.
Geely Automobile Holdings Limited şirkətinin payına 2,235 milyon avtomobil, o cümlədən 1,326 milyon elektrikləşdirilmiş model düşüb. Satışlar illik müqayisədə 14% artıb. İxracat xüsusilə əhəmiyyətli dərəcədə artıb: 797 670 avtomobil xaricə göndərilib ki, bu da illik müqayisədə 169% və ya 2,7 dəfə artım deməkdir. Bunlardan 484 086-sı yeni enerji ilə işləyən avtomobillər olub.
Fərdi brendlər arasında «Geely China Star» 873 776 avtomobil, «Geely Galaxy» isə 877 184 avtomobil satıb. Qrupa daxil olan «Lynk & Co» şirkəti 196117 avtomobil satıb ki, bunların da ümumi satış həcminin 71,5%-ni hibrid və təmiz elektrikli avtomobillər təşkil edib.
«Zeekr» brendi müştərilərə 288 404 avtomobil çatdırıb ki, bu da ötən ilin ilk üç rübü ilə müqayisədə 101% və ya 2 dəfə çoxdur. «Volvo» eyni dövrdə 466 000 avtomobil satıb və elektrikləşdirilmiş modellərin payı 50,7%-ə çatıb.
Çin şirkətindən fərqli olaraq Almaniyanın avtomobil şirkətlərinin satışları ümidsiz şəkildə aşağı düşməkdə davam edir.
Müqayisə üçün, «Audi» bu il təxminən 1 milyon 042 min avtomobil satıb (illik müqayisədə 11,4% azalma), «BMW Group» isə 2026-cı ilin ilk üç rübündə dünya üzrə 1 707 799 avtomobil satıb ki, bu da 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,9% azalma deməkdir.
«Volkswagen Group» satışları isə 2026-cı ilin ilk üç rübündə 6.011 milyon avtomobil təşkil edib ki, bu da 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9% azalma deməkdir.













