Xəbər verildiyi kimi, ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə digər məsələlərlə yanaşı, dünya bazarında neftin qiymətinin də artmasına səbəb olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, bu bahalaşmadan istər-istəməz Azərbayan da faydalanır. 2026-cı ildə büdcədə neftin qiyməti 65 dollardan götürülsə də, hazırda Azərbaycan neftinin qiyməti 120 dollar ətrafındadır.
22 manatlıq nömrə necə 10 000 manata satılır? - BÜDCƏ ÜÇÜN YENİ MƏNBƏ
Amma İran ətrafındakı gərginlik azaldıqca, neftin qiyməti sürətlə azalacaq. Neft hasilatının azaldığı və dünya bazarında enerji daşıyıcılarının (neft-qaz) qiymətinin aşağı düşdüyü bir vaxtda Azərbaycan hökuməti büdcə xərclərinin optimallaşdırılmasına, qənaətə çalışır, eyni zamanda büdcənin doldurulması üçün yeni gəlir mənbələri axtarılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, belə bir vaxtda büdcə üçün yeni gəlr mənbələrindən biri avtomobillər üçün dövlət nömrə nişanlarının hərracda satışı ola bilər. Söhbət rəqəm və hərflərin xüsusi kombinasiyaya malik olduğu və cəlbedici görünən nömrələrin rəqabətli hərrac yolu ilə satışından gedir.
Burada cəledici variantlar müxtəlifdir, mental və sair xüsusiyyətləri nəzərə alanda, rəsmi qiyməti 20-30 manat arasında dəyişən nömrə nişanlarına böyük məbləğdə ödəniş etmək istəyən minlərlə şəxs mövcuddur.
Artıq belə nömrələrin qeyri-rəsmi bazarı da formalaşıb – bütün rəqəmləri eyni olan nömrələrin qiyməti 100 min və ya daha artıq rəqəmlərlə ölçülür, hərflər də eyni olarsa, bu məbləğ bir neçə 100 min manata çatır.
Hazırda nömrələrin dövlət və bazar qiyməti arasındakı nəhəng fərqi bu sahədə ticarət aparan şəxslərə çatır – əvvəlcə nömrəni rəsmi yolla əldə edən belə şəxslər sonradan onu qara bazar qiymətinə satırlar.
FED.az xatırladır ki, qanunvericiliyə əsasən dövlət nömrə nişanlarının verilməsi ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsi məşğuldur. Bu sahədə bir neçə dəfə təşəbbüslər irəli sürülsə də, indiyədək nömrələrin verilməsi açıq-aşkar qeyri-şəffaf formada həyata keçirilir.
Dəfələrdə bəyan edilməsinə baxmayaraq indiyədək DYP qeydiyyat nişanları ilə bağlı məlumatları açıq mənbələrdə yerləşdirməyib və bununla bağlı planlarını açıqlamayıb. Daha dəqiqi açıqlayıb, amma bunlara əməl olumayıb.
2011-ci ildə DYP rəisi Ramiz Zeynalov FED.az-ın əməkdaşına (həmin vaxt başqa resursda çalışırdı - FED.az) bildirmişdi ki, yaxın aylarda nömrələrin hərracla satışına başlanacaq. Amma ötən 15 il ərzində bu baş verməyib.
Həmin nömrələrin hərracda satışı isə büdcəyə böyük məbləğlər gətirə bilər.
Belə ki, son günlər yayılmağa başlayan 88 seriyası ilə başlayan dövlət nömrə nişanlarındakı maraqlı kombinasiayları hərracda satmaqla büdcəyə böyük gəlir təmin etmək mümkündür. Hesablamalar göstərir ki, təkcə 88 seriyasından büdcəyə əlavə 80-100 milyon manat məbləğ toplana bilər.
Beləliklə, yeni seriyada 88**888 kombinasiyası (burada ** işarələri hərfləri göstərir) 729 ədəddir. Qara bazardakı qiymətləri nəzərə alanda bunların hər biri 100 min manat satış qiymətinə malikdir. Hətta 50 min manatdan götürəndə belə, həmin nömrələrin satışı büdcəyə azı 50 min manat, ümumilikdə isə 36 milyon manat gəlir gətirə bilər. Hərracda bu rəqəm daha da arta bilər.
Eyni qayda və qiymət 88**808, 88**088, 88**880, 88**800, 88**008 kimi kombinasiyalara da aiddir. Bunların hər biri 729 ədəddir. Məlumat üçün bildirək ki, sonu 800 və 008 ilə bitən nömrələr istisna olmiaqla yuxarıda göstərilən bütün nömrələrin rəsmi qiyməti 22 manat təşkil edir, bu sadəcə qeyri-ciddi rəqəmdir və sui-istifadə və neqativ hallar üçün böyük imkanlar yaradır.
Digər tərəfdən 88**111, 88**222…… 88-**999 kimi nömrə nişanları da qara bazarda kifayət qəər yüksək qiymətləndirilir. Həmin nömrələrin də rəqabətli hərracda satışa çıxarılması büdcəyə ümumilikdə 100 milyon manata yaxın gəlir təmin edə bilər.
Yeri gəlmişkən, təqribən 4 il əvvəl oxşar vəziyyətdə büdcə bundan faydalana bilməyib – həmin vaxt 77 ilə başlayan yeni seriyalar büraxılmışdı və səmərəli istifadə edilməsi ilə ondan büdcəyə azı 100-150 milyon manat vəsait cəlb etmək olardı.
Amma hökumət həmin imkandan faydalan bilməyib və nəticədə burada mövcud olan potensial gəlir nömrə möhtəkirlərinə çatıb.
Hazırda dövlət müəssisələrində xərclərin ciddi nəzarətə götürüldüyü, müxtəlif üsullarla büdcəyə gəlir mənbələri axtarıldığı bir vaxtda nömrə nişanlarının satışının hərrac yolu ilə aparılması kimi üsulun kənarda qalması təəccüb doğurur.
Xatırladaq ki, FED.az biznes və maliyyə xəbərləri portalı bu mövzuya bir neçə dəfə toxunub, saytın təqribən 10 il əvvəl apardığı araşdırma göstərmişdi ki, 2007-2016-cı illərdə cəlbedici nömrələrin hərracsız satışından büdcə yarım milyard dollar vəsait itirib, bu olduqca böyük məbləğdir. Son 10 ildə də itkilərin azı bu qədər olması şübhə doğurmur.
Dövlət nömrə nişanlarının satışı üçün yeni platforma hazırlanması tələb olunmur, hazırda Əmlak MƏsələləri Dövlət Xidmətinin Hərraclar mərkəzi belə satışları asanlıqla təşkil edə bilər. Bununla bağlı, Mərkəzin böyük təcrübəsi var – hazırda mərkəzdə, avtomobillər, torpaq sahələri, dövlət əmlakı, səhmlər, yarımçıq tikililər, müsadirə olunan əşyalar və sair satılır.













