Son günlər ölkədə tranzit nömrəli avtomobillərin artması müşahidə olunur. Bu nömrəli avtomobillərin əksəriyyəti müəyyən müddətdən bir ölkəni tərk edir və yenidən Azərbaycana qayıdır. Bu üsulla bir çoxları avtomobili qeydiyyata salmaq üçün tələb olunan xərclərdən qaçmağa müvəffəq olurlar.
ELƏCƏ DƏ BAX Sığorta şirkətlərinin yeni yayınma üsulu – «MÜSTƏQİL EKSPERT»LƏR
Bu cür avtomobillərin artması, eləcə də insanların belə addımlar atması nə ilə bağlıdır?
Bəziləri bunu gömrük rüsumlarının baha olması ilə izah edir. Bir neçə aydan bir yüzlərlə kilometr məsafəni qət etmək rüsumlardan daha ucuz başa gəlir.
Nəzərə alsaq ki, Bakıdan “Qırmızı körpü” kimi tanınan “Sınıq körpü” gömrük sərhəd buraxılış məntəqəsinə qədər məsafə 500 kilometrə yaxındır və bu yolu qət etmək altı saatdan çox vaxt alır, o zaman sürücülərin avtomobili qeydiyyata saldırmamaq üçün hansı əziyyətə hazır olduqları daha aydın görünür.
Nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, belə avtomobillərin çoxalmasının səbəbi gömrük rüsumları ilə bağlıdır.
Ekspert açıqlamasında deyib ki, rüsumlar hər kəsin cibinə uyğun olsa, heç kim belə varianta əl atmaz, üç-beş aydan bir ölkədən çıxıb geri qayıtmaz:
“İstər tranzit, istərsə də başqa ölkələr, xüsusən Gürcüstan nömrəli avtomobillərlə bağlı vəziyyət sırf gömrük rüsumlarının yüksək olması ilə bağlıdır”.
Digər nəqliyyat eksperti Tural Yusifov da eyni fikirdədir. O, saytımıza açıqlamasında bildirib ki, insanlar gömrük rüsumunu ödəməmək üçün çox vaxt riskə girirlər:
“Gətirdiyi avtomobilin qiyməti qədər gömrük rüsumu ödəməkdənsə, riskə gedib orada kiminsə adına avtomobil alır, etibarnamə ilə ölkəmizə gəlir, 90 gün müddətinə burada avtomobili idarə edir və ölkədən çıxış edirlər”.
Ekspert qeyd edib ki, bu, bütün növ - benzin, dizel, hibrid və ya elektrik avtomobillərinə aiddir:
“Tutaq ki, mən qiyməti 20 min dollar (34 min manat) olan ikinci əl elektrik avtomobili almaq istəyirəm. Bu pulun 15 faizini idxal rüsumu olaraq verirəmsə, avtomobil 40 min manata başa gəlir.
Bir çox dünya ölkələrində elektrik avtomobilinin idxalına rüsum yoxdur. Bizdə də bu rüsum ləğv olunmalıdır. Onsuz da bu tip avtomobillərin istifadəçisi azdır. Hibridin qənaətli avtomobil olmasına baxmayaraq, bu tip maşınlarla benzinlə işləyən avtomobillərin qiyməti gömrük rəsmiləşdirilməsində, demək olar ki, eynidir”.
Məsələnin digər tərəfi isə dövlət büdcəsinə daxilolmalarla bağlıdır. Əgər avtomobil qeydiyyata alınırsa, buradan əldə olunan gəlir dövlət büdcəsinə daxil olur. Və əgər bəzi sürücülər göstərilən yolla qeydiyyatdan yayınırsa, deməli, büdcə də buradan kifayət qədər zərər görür.
E.Muradlı hesab edir ki, müvafiq dövlət qurumları bu nüansa xüsusi diqqət yetirməlidir:
“Bu məsələdə dövlət büdcəsi ziyan görür. Misal üçün, biri var, 10 maşın gətirir və hərəsindən 10 min manat rüsum alır, ümumilikdə 100 min manat büdcəyə daxil olursa, normal gömrük rüsumları tətbiq olunsa, bu 10 rəqəmi 50-100 olar”.
Onun fikrincə, rüsumlarda azalma olsa, həm dövlət büdcəsi qazanmış olar, həm də bizim avtomobilləşmə prosesimiz davam edər, üstəlik, köhnə avtomobillər dövriyyədən çıxar.
Əlbəttə, bu gün Azərbaycan avtomobil parkında ən böyük və əsas problemlərdən biri köhnə, istismara yararsız avtomobillərin çoxluq təşkil etməsidir. İnsanlar qiymətlərin yüksək olması səbəbindən yeni avtomobillərə maraq göstərmir, daha çox ili köhnə maşınlara üstünlük verirlər. Həqiqətən də, bu gün Azərbaycan avtomobil bazarındakı qiymətlər kifayət qədər yüksəkdir.
Gömrük rüsumları hər kəsin cibinə uyğun olsa, insanlar xaricdən aldıqları avtomobilləri qeydiyyatdan keçirər və bununla da avtomobil parkında yenilənmə müşahidə edilər.
T.Yusifov da hesab edir ki, daxili bazarda avtomobil almaq şərtləri uyğun olarsa, ikinci əl avtomobil bazarı inkişaf edər:
“İnsanlar bu halda Gürcüstandan və ya digər ölkələrdən deyil, elə Azərbaycandan avtomobil alarlar. Bu, yalnız gömrük rüsumlarının uyğunlaşdırılmasının əsasında baş verə bilər. Bizdə gömrük qiymətləri altı pilləlidir, yəni maşın aldığın zaman altı pilləli vergi ödəyirsən – aksiz, rəsmiləşdirmə, əməliyyat xərcləri və s. Bunlar hamısı avtomobilin qiymətinə təsir edir”.
Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci il dekabrın 27-də Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib və həmin proqramda da ölkəyə sağlam, yeni avtomobillərin gətirilməsi bir şərt kimi qoyulur.
E.Muradlı deyib ki, xüsusən ekoloji cəhətdən təmiz avtomobillərə şərait yaradılması, bu cür maşınlar gətirənlərə müəyyən güzəştlərin edilməsi, stimullaşdırılması məsələsi bu sənəddə öz əksini tapır:
“Sənədin imzalanmasından beş aydan çox vaxt keçməsinə baxmayaraq, hələ ortada əməli iş yoxdur.
Ona görə biz hələ də Gürcüstan nömrəli, tranzit nömrəli maşınların Azərbaycanda kütləvi şəkildə artmasının və belə avtomobillərin müəyyən müddətdən bir ölkədən çıxıb geri qayıtmasının şahidi olacağıq. Bu məsələlərə kompleks şəkildə yanaşmaq və həll yollarını insanların büdcəsinə uyğun şəkildə tapmaq lazımdır. Köhnə avtomobillər Azərbaycanda çox ciddi problemə çevrilib”.
T.Yusifov problemdən çıxış yolu kimi kredit şərtlərinin münasib olmasında və rüsumlara yenidən baxılmasında görür:
“Əgər yeni avtomobilin qiyməti insanları qane etmirsə, təbii ki, köhnə, dizellə işləyən avtomobil alacaqlar. Halbuki dizel avtomobillərinin atmosferə zərəri daha çoxdur. Bu cür avtomobillərin utilizasiyası mümkün deyil, yəni həmin avtomobil ölkədə qalacaq, başqa ölkələrə göndərilə bilməyəcək”.