Bu ilin yanvar aprel aylarında Azərbaycana 404 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Azərbaycana gətirilən avtomobillərin yarıdan çoxu - HİBRİD MAŞINLAR OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 205 ədəd (33,7%) azalıb. Bu miqdarda elektromobil idxalına 10 milyon 693 min dollar xərclənib. Bu da, illik müqayisədə 9 milyon 718 min dollar (46,8%) azdır.
Xatırladaq ki, 2025-ci ilin ilk dörd ayında ölkəyə 20 milyon 411 min dollar dəyərində 609 ədəd elektromobil idxal edilmişdi.
Bu il ölkəyə gətirilən elektromobillərin bir ədədinin orta qiyməti 26 min 469 dollar (44 min 997 manat) olub. 2025-ci ilin yanvar-aprel aylarında bu qiymət 33 min 516 dollar (56 min 977 manat) idi. Yəni elektromobillərin orta idxal qiyməti 7 min 47 dollar (11 min 980 manat) və ya 21% ucuzlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 443 milyon 619 min dollar dəyərində 21 min 120 ədəd avtomobil idxal olunub.













