Koronavirus və onunla bağlı tətbiq edilən qadağalara görə, Almaniyadan Azərbaycana avtomobil gətirilməsi prosesi dayanıb.
Eləcə də bax: Azərbaycana avtomat sürət qutulu - «LADA»LAR GƏTİRİLİR - QİYMƏTLƏR
Bu barədə FED.az-a avtomobil biznesi ilə məşğul olan Polşada fəaliyyət göstərən «Sevara Group» şirkətinin rəhbəri Rəşad Quliyev məlumat verib.
İş adamı şirkətin bu qərarını koronavirus səbəbindən sərhəd-keçid məntəqələrinin məhdudlaşdırıcı rejimə keçməsi ilə əlaqələndirib. Qeyd edək ki, virusa görə, artıq Azərbaycandan xaricə səfərlər dayandırılıb. Eləcə də Avropa ölkələrinə – Şengen zonasına kənardan giriş qadağan edilib.
«Dəniz yolu açıq olduğundan daşınma sadəcə konteyner vasitəsi ilə mümkündür. Lakin dəniz yolu ilə sifariş olunan avtomobillərin daşınması aylar çəkir»-deyə iş adamı bildirib.
Amma azərbaycanlıların əsas avtomobil bazarı sayılan Almaniyadan avtomobili artıq konteynerlə də almaq mümkün deyil. Çünki artıq martın 18-dən bu ölkədə avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı xidmətlər fəaliyyətlərini müvəqqəti dayandırıblar: «Dünəndən etibarən Almaniyada "Zulassungstelle" adlanan DYP qeydiyyat idarələri tam bağlanıb. Nəticə etibarı ilə bu da avtomobil alqı-satqısı, qeydiyyatı, tranzit nömrə almaq və s kimi işləri tamamilə dayandırıb. «Vip escort motors» və «Sevara Group»Azərbaycana avtomobil sifarişini və daşınmasını tam dayandırıb».
İş adamı bildirir ki, avtomobil idxalı sektoru hazırda ən çətin dövrünü yaşayır: «Bu ölkəmizə zərərsiz ötüşməyəcək. Çünki idxal dayandığından gömrük daxil olmaları azalır və büdcə gəlirləri də aşağı düşür».
Rəşad Quliyev mövcud situasiyanın avtomobil bazarındakı qiymətlərə təsirindən də danışıb: «İdxalda qıtlıq yarandığından daxili bazarda avtomobillərin qiymətinin artacağı istisna edilmir. Hazırkı vəziyyətdə əhalinin panikada olması avtomobil satışlarını azaldıb».
İş adamı hesab edir ki, koronavirusun təsirindən ən çox avtomobil sektoru zərər çəkir:
«Bu virus bütün dünya ölkələrini iflic edib. İqtisadiyyatı güclü olan dövlətlər belə, mübarizə aparmaqda çətinlik çəkirlər. Ən çox zərər çəkən avtomobil sektorudur. Hansı ki, artıq Avropada və Amerikada istehsalçılar zavodları bağlayır və işçilər karantinə göndərilir. Demək olar ki, bütün dünya ölkələri arasında bütün sərhədlər bağlıdır».