Qax rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 645 ton quru tütün istehsal olunub.
Bu barədə FED.az-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, bu il Qax rayonunun təsərrüfatlarında 496,4 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə 470,4 hektar sahədə “Virciniya botaniki”, 14 hektarda “Berley”, 12 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər.
Sahələrdən yığılan “Virciniya botaniki” növlü yaş tütün qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, indiyədək Qax rayonundakı emal məntəqəsi fermerlərdən 3 min tonadək yaşıl tütün kütləsi qəbul edib. Şotavar kəndindən Telman Şahmalıyev indiyədək emal məntəqəsinə rayon üzrə hamıdan çox – 325,4 ton yaş tütün təhvil verib. Qax şəhərindən Oruc Mahmudov bu günədək məntəqəyə 197,6 ton, Qorağan kəndindən Mehman Əhmədov isə 183,6 ton yaşıl tütün kütləsi gətirib.
Qeyd edək ki, keçən il qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.