ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə və artıq 4 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycanda gübrənin qiymətinin bahalaşmasına səbəb olub.
Azərbaycan xaricdən gübrə alışını - 80% ARTIRIB – QİYMƏT BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, xüsusilə İrandakı müharibə və Hörmüz boğazından gəmilərin keçidində yaranan problem müxtəlif ölkələrə məhsul idxalı və ixracını çətinləşdirir, qiymətləri bahalaşdırır. Bahalaşan məhsullardan biri də Azərbaycana xaricdən idxal olunan gübrələrdir.
Gübrələr Azərbaycanın xaricdən idxal etdiyi və ölkədən ixrac olunan əsas məhsullardandır.
Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə xaricdən Azərbaycana ümumi dəyəri 35 milyon dollar olan 51 min ton gübrə idxal edilib. Azərbaycana gübrə əsasən Türkiyə, Rusiya, Belarus, İran, İspaniya, İtaliya, Özbəkistan, ABŞ və sair ölkələrdən idxal edilir.
Azərbaycan özü isə 2025-ci ildə ümumi məbləği 171 milyon dollar olan 543 min ton gübrə ixrac edib. Azərbaycandan gübrə əsasən, Ukrayna, Kanada, Hindistan, Argentina, Gürcüstan, İsrail, Türkiyə, Uruqvay, Bolqarıstan, Rumıniya və Yunanıstana ixrac edilir.
FED.az biznes və maliyyə xəbərləri portalına danışan “Agricola” şirkətinin nümayəndəsi Fərid Məcidov bildirib ki, həm Yaxın Şərqdə gedən müharibə, həm də Rusiya-Ukrayna müharibəsi idxal olunan gübrələrin qiymətinin bahalaşmasına səbəb olub:
«Son bir ay ərzində gübrələrin qiymətində artım müşahidə olunur, bu da, Yaxın Şərqdə baş verən müharibələrə görədir. İsraildən, Finlandiyadan, Norveçdn gələn gübrələr Hörmüz boğazından keçərək ölkəmizə idxal edilir. Buna görə də, məhsullar yollarda qalıb, keçirmək mümkün olmur».
Mütəxəssisin sözlərinə görə, baş verənlər nəticəsində gübrələrin qiymətində 15-20%-lik artım var: «Məsələn, kisəsi 100 manata olan gübrələrin qiyməti 115-120 manata qədər bahalaşıb».
Xüsusilə İsraildən alınan gübrələrin həcmi azalıb və qiyməti artıb: «İsrailin Hayfa şəhərindən eyniadlı zavodun məhsulları da Azərbaycana idxal olunur, məhsulları çox keyfiyyətlidir. Bu şəhər Aralıq dənizin kənarında olduğu üçün birbaşa gəmilərlə ixrac olunurdu. Hazırda bu zavodun fəaliyyətində çətinliklər olduğu üçün buradan məhsullar gətirilmir».
Yeri gəlmişkən, şirkət nümayəndəsinin sözlərinə görə, bəziləri bu vəziyyətdən istifadə edib İsrail gübrəsi adı ilə saxta məhsullar satmağa başlayıb».
Fərid Məcidov deyir ki, ən çox bahalşma Rusiyadan idxal olunan gübrələrdə müşahidə olunur:
«Rusiyadan gələn gübrələrin qiyməti 2 dəfəyə yaxın bahalaşıb. Buradan gələn gübrələr daha çox azot, nitrogen tərkibli olduğuna görə, istehsal azalıb və Azərbaycana da çox az miqdarda gəlir».
Məhsulun azlığı səbəbindən qiymələrdə də artım müşahidə olunur. «Məsələn, əvvəl Rusiyadan idxal olunan gübrənin 50 kiloqramlıq kisəsinin qiyməti 25-26 manat idisə, indi bu qiymət 45-50 manat arasındadır. “Evroxim” şirkətinin ”Ammonium nitrat selitra” gübrəsinin 1 kiloqramı 50 qəpik idisə, hazırda 90 qəpiyə satılır. Qiymətlər 90-100 faizə yaxın bahalaşıb».
Başqa ölkələrdən fərqli olaraq Türkiyədən gələn gübrələrin qiyməti bahalaşmayıb: «Çünki bu məhsullar tırlarla idxal olunur və Gürcüstan üzərindən idxal olunmasında problem yaranmır”, - deyə o, əlavə edib».
Həmçinin mövzu ilə bağlı FED.az biznes və maliyyə xəbərləri portalın danışan “Bolagro” şirkətinin nümayəndəsi Elmir Məhəmmədzadə də bahalaşmanın əsasən Rusiyadan idxal olunan gübrələrdə olduğunu deyir:
«Xüsusilə də bu ölkədən idxal olunan fosfor gübrələrin qiymətində 50%-dən çox artım müşahidə olunur. Məsələn «Monokalium fosfat» gübrələrinin 50 kiloqramlıq kisələrdə qiyməti əvvəl 60 manata satılırdısa, hazırda bu qiymət 100 manatdır. Təxminən 60-65% artım müşahidə olunur. Rusiyanın müxtəlif zavodlarından istehsal olunan məhsullar idxal olunur və qiymətlər təqribən eyni aralıqdadır. Qiymətin armasının səbəbi təlabatın çox olması, zavodun istehsalının az olmasıdır. Buna görə də, bazarda qıtlıq yaranır və qiymət artımı müşahidə olunur”»
«Digər ölkələrdən idxal olunan məhsulların qiyməti isə bahalaşmayıb. Bu kimi məhsullarda cüzi artım 5-10%-lik bahalaşma görmək olar», deyə, şirkət nümayəndəsi əlavə edib.
“Rövşənoğlu Aqro” şirkətinin təsisçisi Turqay Nağızadə FED.az biznes və maliyyə xəbərləri portalına əsasən Rusiyadan idxal olunan gübrələrin bahalaşdığını, İran üzərindən idxal edilən məhsullarda ciddi dəyişkiliklər olmadığını deyir:
«Əsasən Rusiyadan idxal olunan məhsullarda – ammonium nitrat, nitroammofos, ammofos məhsullarının qiymətində artım görünür. Bu məhsullarda 50%-dən çox artım var. Məsələn, ammonium nitratın 50 kiloqramlıq kisədə satış qiyməti 30 manatdan 48 manata qalxıb. Bu 60%-lik artım deməkdir.
İran üzərindən idxal hazırda çox azalıb, demək olar ki, məhsullar idxal edilmir, bölgənin təhlükəli olması sahibkarları çəkindirir. Hörmüz boğazının bağlanması isə məhsul idxalına elə də təsir etməyib, həmin məhsullar “Poti” limanı vasitəsilə idxal edilir. Sadəcə vaxt olaraq məhsullar bir az gecikir. Yolun uzanması xərcləri nisbətən artırsa da, qiymətə elə də ciddi təsir etməyib, bəzi məhsullarda 5-10%-lik kiçik artım olub. İdxal qiymətlərinin cüzi artması satış qiymətlərinə demək olar ki, təsir etməyib».
Qeyd edək ki, İranla müharibə və Hörmüz boğazının bağlanması dünyada gübrə təminatının azalmasına və qiymətlərin artımana səbəb olub. «Rystad Energy» konsaltinq şirkətinin hesabatına görə, dünyada ammiak gübrəsinin 15%-nin, karbamidin isə 21%-nin təminatında problem yaranıb.
Bu gübrələrin əsas satıcıları Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, BƏƏ, İran və İraqdır.
Hesabatda deyilir ki, bu gübrələrin dünya bazarı həcminin təqribən 5-də biri Yaxın Şərqin payına düşür. Təminatda yaranmış problem isə kənd təsərrüfatı və fermeroərin işinə çətinlik yarada bilər.
Bu sahədə ən çox zərər çəkən ölkə Hindistandır – Körfəz ölkələrindən gətirilən gübrə Hindistanın ehtiyaclarının 6-8%-ni ödəyir. Hörmüz boğazının bağlı olması ciddi risklərə, o cümlədən ərzaq çatışmazlığı və qlobal qiymət artımına səbəb ola bilər.













