Azərbaycanda unun ucuzlaşmasının səbəbi son həftələr Rusiya və Qazaxıstanda taxılın qiymətinin düşməsidir. Bu barədə FED.az-a Azərbaycanın ən böyük taxıl tədarükçülərindən və un istehsalçılarından biri olan «Karat Holdinq»in nümayəndəsi İqdam Umudov bildirib.
Qeyd edək ki, son bir həftə ərzində «Karat Holdinq» unun qiymətini iki dəfə ucuzlaşdırıb. Belə ki, 50 kiloqramlıq «Karmen» ununun satış qiyməti bir neçə gün əvvəl 26,45 manatdan 25,95 manata, bu gün isə 25,95 manatdan 25,45 manata endirilib.
İ.Umudov bildirib ki, unun ucuzlaşması Rusiya və Qazaxıstandan alınan taxılın alış qiymətinin aşağı düşməsi ilə əlaqədardır: «Belə ki, son günlər iki dəfə hər tonun qiymətində 6-7 dollar ucuzlaşma olduğu üçün, hər dəfə kisəsinin qiyməti 50 qəpik endirilib. Bundan sonra da düşəcəksə, yenə də qiyməti endirəcəyik».
Şirkət bildirir ki, unun qiymətinin enməsi un məmulatlarının, o cümlədən çörəyin də qiymətinə təsir edəcək. Qeyd edək ki, «Karat Holdinq» Azərbaycanın ən böyük taxıl təchizatçılarındandır və bazarın təqribən 40-50%-nə nəzarət edir. İ.Umudovun sözlərinə görə, əslində bütün şirkətlər taxılı eyni bazarlardan aldıqlarına görə, ucuzlaşma bütün şirkətlərə baş verməlidir.
«Karat Holdinq»in nümaynədəsi bildirir ki, şirkət böyük həcmdə olmasa da, yerli bazardan da taxıl alır: «Biz əvvəlcədən elan verməklə yerli bazardan müəyyən həcmdə taxıl alırıq».
Bununla yanaşı, yerli taxılın keyfiyyəti yüksək olmadığına görə, onun alışları aşağıdır: «Biz əsasən 3-cü növ buğda alırıq, yerli taxılın əksəriyyəti isə 4-5-ci növdür, amma əvvəlki illərlə müqayisədə, ötən il taxılın həm keyfiyyətinin, həm də həcminin artmasının şahidi olduq».