Bir sıra ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının, genetik materialların, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
FED.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Belçikanın Flandriya əyalətində, Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində blutanq, İsveçrənin Bern inzibati ərazi vahidində, İtaliyanın Sardiniya regionunda epizootik homorraji, Polşanın Lodz inzibati ərazisində, ABŞ-ın Cənubi Dakota, Minnesota, Montana, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün Belçikanın Flandriya əyalətində və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların Azərbaycana idxalı qadağan edilib.
Eləcə də, İsveçrənin Bern inzibati ərazi vahidindən və İtaliyanın Sardiniya regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Polşanın Lodz inzibati ərazisində və ABŞ-ın Cənubi Dakota, Minnesota, Montana, Yuta ştatlarında, yüksək patogen quş qripi xəstəliyinin baş vermiş ərazi vahidinə daxil olan təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.