Son dövrlər Azərbaycanın yerləşdiyi regionda baş verən geosiyasi gərginliklər səbəbindən ölkəyə xaricdən idxal olunan bəzi məhsullar, o cümlədən gübrə kəskin bahalaşıb. Bu sahədə fəaliyyəğ göstərən şirkətlər bildirir ki, gübrənin qiymətinin bahalaşması aqra sektorda məhsulun maya dəyərinə ciddi təsir edir. Belə vəziyyətdə kənd təsərrüfatı məhsullarının bahalaşmaması üçün üsullardan biri də aqrar sahəyə verilən subsidiyaların artmasıdır.
AFB Bank”ın maliyyə rəhbəri: “Böyümək kifayət deyil, əsas məsələ dayanıqlı gəlirlilikdir” - MÜSAHİBƏ
“Tariflər 20% bahalaşıb, amma indiki qədər daşımalar heç vaxt olmayıb” - MÜSAHİBƏ
“Aqromarket Servis”: «Subsidiya mexanizmi işləməsə, yerli istehsal təşviq edilməsə, yerli şirkətlərin inkişafı mümkün deyil” - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı bu mövzunu ölkənin tanınmış gübrə şirkətlərindən olakn “Zirvə Agro” MMC-nin direktoru Mansur Məhsulovla müzakirə edib.
- Mansur müəllim, əvvəlcə şirkətiniz haqqında məlumat verərdiniz. Sizin şirkət hansı işləri görür?
- Bizim şirkətimiz – “Zirvə Aqro” MMC 2021-ci ildən fəaliyyət göstərir. Azərbaycanın 30-a yaxın rayonunda satış mağazalarımız mövcuddur. Hazırda 50 mindən artıq fermerə xidmət göstərmişik və bu rəqəm hər il getdikcə artır.
Biz dünyanın müxtəlif ölkələrindən — Meksikadan, Çindən, İtaliyadan, İspaniyadan, Rusiyadan, Türkiyədən gübrələr, bitki mühafizə vasitələri, mineral gübrələr, üzvi gübrələr, orqanik gübrələr idxal edirik.
Eyni zamanda, bizimlə çalışan fermerlərə təmənnasız aqronom dəstəyi göstəririk. Yəni onların təsərrüfatlarına baş çəkir, əkinə aqrotexniki qulluq və məhsuldarlığı artırmaq üçün atılacaq addımları izah edir və dəstəuk veririk. Bir sözlə, toxumdan başlayaraq sonuncu biçinə qədər onların yanındayıq və necə deyərlər, 7/24 dəstək veririk.
- Mansur müəllim, regionda geosiyasi gərginliklər, xüsusilə də qonşu dövlətlərdə müharibələr davam edir. Qonşu Rusiyada müharibə artıq 5-ci ildir, İranda isə son bir ildə hərbir əməliyyatdar davam edir. Bu vəziyyət gübrə bazarında hansı problemlər yaradır?
- Hazırda bizim hər iki qonşumuzda – şimalda Rusiyada və cənubda İranda - müahribə gedir və bu da özlüyündə gübrə və pestisid qiymətlərinin ciddi artımına səbəb olub. Amma ölkəmizdə istehsal olunan mineral gübrə də var, bu Karbamid zavodunda buraxılan azot tərkibli gübrədir - karbamid. Karbamid bizim açıq sahələrdə, əkinlərdə geniş istifadə olunur.
Amma bu azot gübrələridir, təbii ki, digər fosfor tərkibli gübrələrin qiymətlərində isə çox ciddi artış var. Bu da bizdən asılı olmayan geosiyasi hadisələrlə bağlıdır. Və biz çalışırıq ki, yenə də həmin məhsulların idxalını həyata keçirək, fermerlərə həmin məhsulları təqdim edək.
- Əvvəlcə dəqiqləşdirək - hazırda ölkəmizdə istifadə olunan gübrələrin neçə faizi idxaldan asılıdır?
- Deyərdim ki, 60%-ə qədəri demək olar ki, idxal olunur, 40%-i yerli istehsaldır. Bizim yerli istehsal NPK tərkibli gübrələrimiz var, azot tərkibli gübrələrimiz var.
- Təqribən demək olarmı, son dövrdə gübrələrin qiyməti nə qədər bahalaşıb?
- İdxal olunan məhsullar arasında elə gübrələr var ki, orada 25%-30% qiymətində artım müşahidə olunur. Bəzi gübrələrdə hətta 35% artım var.
Məsələn, fosfor gübrələri – amofos - əvvəllər fermerə satılan qiymət 1 ton üçün 1500-1600 manat idi, indi 1700 manata yüksəlib.
Nitrat gübrələri də bahalaşıb - məsələn, hazırda ammonium nitratın qiyməti 800 manatdır, ötən ilin eyni vaxtında isə bu qiymət 600 manat olmuşdu.
Yeri gəlmişkən burada vacib bir məqamı qeyd eğtməliyəm. Hazırda, karbamid gübrəsinin dünya bazarında qiyməti, əgər Azərbaycan manatı ilə hesablasaq, təxminən 700 manata qədərdir. Amma Karbamid zavodunun buraxdığı azot gübrəsinin qiyməti uzun illərdir sabit, 500 manat ətrafındadır. Bu imkan verir ki, fermerlər dünyadakı dəyişikliyə baxmayaraq karbamidi daha yaxşı qiymətə ala bilsinlər. Pestisidlər isə bu dövrdə təxminən 15% bahalaşıb.
Qiymət artımına daşıma qiymətlərinin artımı da səbəb olur. Məsələn, Çindən idxal olunan məhsulların, o cümlədən pestisid və gübrələrinin daşıma xərci 1 konteyner üçün 4-5 min dollar idisə, indi 10 min dollar olub. Çünki bu konteynerlər körfəz ölkələrindən keçirlər onların da sığorta haqqı artır.
Əlavə olaraq deyim ki, müharibələr nəticəsində gübrələrin qiyməti ilə bağlı daha bir xoşagəlməz yenilik baş verib. Əvvəllər xaricdəki gübrə zavodu bizə təklif göndərəndə burada göstərilən gübrə qiymətinin 15 gün vaxtı olurdu, yəni təklif gələndən sonra keçən 15 gün ərzində gübrənin qiyməti sabit olurdu, gübrəni həmin qiymətə almaq olurdu. İndi isə hər gün qiymət dəyişir, yəni məsələn 2 gün əvvəl verilən qiymət bu gün dəyişə bilər və sair.
- Mansur müəllim, gübrənin bahalaşması kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına səbəb ola bilərmi?
- Təbii ki, gübrə bitkiçilikdə əsas istehsal xərclərindən biridir. Gübrənin qiymətinin bahalşması fermerlərin xərclərini artırır. Bu da, kənd təsərrüafatı məhsullarının maya dəyərinə təsir göstərir. Ümumiyyətlə, nə qədər təsir göstərməsi məhsulun növündən və gübrəyə olan təlabatdan asılıdır.
Məsələn, ölkəmizdə ən geniş yayılan taxıl əkinlərinə baxaq. 1 hektar taxıla 100-150 kiloqram və ya 50-75 manatlıq karbimid gübrəsi verir.
Eyni zamanda 1 hektar taxıla 100-150 kq arasında, yəni təxminən 170-250 maat arasında da fosfor gübrəsi verilir. Bütün bitkilərdə - pambıq, taxıl, yonca, qarğıdalı gübrə istehsal olunur və bu da qiymətlərə və fermerlərin xərclərinə təsir edir və onlar bunu hiss edirlər.
- Mansur müəllim, gübrənin qiyməti və taxılın maya dəyəri artır, amma onun qiyməti müəyyən dərəcədə limitlidir. Yəni gübrə bahalaşsa da, fermerlər taxılın qiymətini həmişə artıra bilmirlər. Belə vəziyyətdə gübrənin bahalaşması gübrədən istifadənin azalmasına səbəb ola bilərmi?
- Bəli, səbəb ola bilər, əsasən də, idxal olunan gübrələrdə bu daha ciddi hiss oluna bilər. Xüsusilə də, bəzi fermerlər var ki, onlar xərcləri qarşılamaqda çətinlik çəkirlər. Həmin fermerlər gübrədən istifadəni azalda və ya ümumiyyətlə dayandıra sala bilərlər. Bu isə məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Daha sadə desək, fermer bahalaşmaya görə, gübrə xərcində qənaət etməyə başlayır, bu da mhsuldarlığa mənfi təsir edir.
- Bu prosesin təsirini azaltmaq üçün nə edilməlidir? Subsidiyaların artırılması lazımdırmı və ya sizin hansı təklifləriniz var?
- Bu sahədə fermerlərə dövlət dəstəyinin davam etdirilməsi lazımdır. Xüsusilə də bazar şəraiti nəzərə alınmaqla dövlət dəstəyi təkmilləşdirilə bilər. Əkin mövsümündə subsidiya və güzəştlərin vaxtında verilməsi fermerlərin xərclərini planlaşdırmasına kömək edir.
Bundan başqa, düşünürəm ki, prezidentin kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının ardıcıl icrası aqrar sahənin inkişafına və fermerlərə dəstəyin gücləndirilməsinə töhfə verəcək.
Həm də onu deyə bilərəm ki, torpaq analizlərinə əsaslanan gübrələmə və aqronom məsləhətləri təşviq edilməlidir. Bitkinin və torpağın ehtiyacına uyğun hallarda kompleks və üzvi gübrələrdən istifadə də nəzərdən keçirilə bilər. Bəzi belə məhsullarda qiymət artımı daha azdır. Ümumiyyətlə, gübrə seçimi aqronomik tələbat əsasında aparılmalıdır. Fermer torpağında düzgün aqrotexniki qaydalara əməl edərsə, ən azından təsərrüfatını əlavə xərclərdən qoruya bilər.
- Mansur müəllim, belə hallardan, yəni hansısa ölkədə müharibə olması səbəbindən gübrənin bahalaşması riskindən qorunmaq üçün xaricdən idxal olunan gübrələrin yerli istehsal ilə əvəzlənməsi sahəsində hansısa işlər görülür? Bu sahədə yeni layihələr varmı?
- Bildiyiniz kimi, prezident İlham Əliyevin bu yaxınlarda kənd təsərrüfatının inkişafı ilə bağlı 2030-cu ilə qədər dövlət proqramı qəbul edilib. Əslində bu proqramda yerli gübrə istehsalının da artırılması nəzərdə tutulur. O gübrələrin də qarşıdakı zamanlarda bizim ölkəmizdə istehsalı planlaşdırılır.
Təbii ki, burada özəl sektorun da payı çox yüksəkdir. Ancaq nəzərə almaq lazımdır ki, bu tipli məsələn, mineral gübrələrin zavodlarının hazırlanması, tikilməsi çox ciddi vəsait tələb edir. Təbii ki, burada dövlət dəstəyi mexanizmləri rol oynayacaq Ümumi olaraq, 2030-cu ilə qədər bu məhsulların da yerli istehsalı planlaşdırılır.
Daha əvvəl qeyd etmişdim ki hazırda yerli istehsal gübrə bazarının yalnız 40%-ni rəmin edir, düşünürəm ki, yaxın gələcəkdə yerli istehsal 70-80%-ə qədər yüksəldiləcək.













