Qeyri-yaşayış sahələrinin qiymətləri rayonlara görə fərqlidir: Nizami və Abşeronda artım, Sabunçuda isə azalma müşahidə olunub.
Mağazaların 1 kvadrat metrinin qiyməti 7000 manatı keçib - DETALLAR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında qeyd edilib.
2024-cü ildə Bakı şəhərinin mərkəzi rayonlarında qeyri-yaşayış sahələrinin qiymətlərində artım müşahidə olunub. Lakin il ərzində ümumi qiymət dəyişkənliyi nisbətən sabit qalıb, ciddi dalğalanmalar qeydə alınmayıb.
Rayonlar üzrə yeni tikililərdə qeyri-yaşayış sahələrinin qiymət dəyişikliyi fərqli tendensiyalarla seçilib:
Nizami rayonu üzrə qiymətlər 2023-cü illə müqayisədə 20.8% artıb. Bu artım rayon ərazisində köhnə tikililərin sökülməsi və yeni yaşayış komplekslərinin artması ilə bağlıdır. Məskunlaşmanın artması kommersiya obyektlərinə olan tələbi yüksəldib, bu da qiymət artımına səbəb olub.
Sabunçu rayonunda isə əksinə, qiymətlərdə azalma qeydə alınıb. Bu vəziyyət ətraf ərazilərdə satışa çıxarılan qeyri-yaşayış əmlaklarının çoxluğu ilə izah edilir. Əmlak bolluğu orta bazar qiymətini aşağı salıb.
Abşeron rayonunda 2024-cü ildə qiymətlər 15% bahalaşıb. Rayonun artan əhali sayı və ticarət obyektlərinə olan maraq bu artımı şərtləndirib.
Suraxanı, Qaradağ və Xəzər rayonlarında isə qiymətlərdə nisbətən sabitlik müşahidə olunub.
Bununla belə, III rübdə bu rayonlarda müəyyən aktivlik müşahidə edilib. Həmin dövrdə qiymətlər qısa müddətə artsa da, Suraxanı və Xəzər rayonlarında sonradan müəyyən ucuzlaşma baş verib.
Ekspertlərin fikrincə, III rübdəki qiymət artımı təhsil ilinin başlanğıcı ilə əlaqədar bazarda yaranan mövsümi canlanma ilə izah oluna bilər.