Mağaza təyinatlı obyektlərin qiyməti 7 000 manatı keçib.
Ofislər və obyektlər bahalaşır: İlkin bazarda canlanma var
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında qeyd edilib.
Bakı şəhərində mağaza təyinatlı qeyri-yaşayış sahələrinin 1 kvadrat metrinin qiyməti 7 000 manatı ötüb. Ötən illə müqayisədə bu tip obyektlərin dəyərində 13% artım müşahidə olunub.
Hesabatda qeyd olunur ki, mağaza tipli sahələrin qiymətindəki davamlı artım onların çoxşaxəli istifadə imkanları ilə bağlıdır. Bu obyektlər müxtəlif biznes növləri üçün əlverişli olduğu üçün qiymət baxımından üstünlük təşkil edir.
Digər tərəfdən, Bakı şəhərinin bəzi ərazilərində, xüsusilə yol kənarında yerləşən qeyri-yaşayış sahələrinin boş qalması müşahidə olunub. Bu tendensiya həmin sahələrin icarəyə təklif sayının artmasına səbəb olub.
Ekspertlər bildirirlər ki, yol kənarındakı obyektlərin boş qalmasının əsas səbəblərindən biri şəhərdə tətbiq edilən yeni nəqliyyat zolaqlarıdır. Operativ nəqliyyat vasitələri və ictimai avtobuslar üçün ayrılan xüsusi zolaqlar bir çox obyektlərin qarşısında avtomobil park edilməsini çətinləşdirib. Parkinq sahəsinin olmaması isə bu obyektlərə olan tələbatı azaldıb.
Beləliklə, qeyri-yaşayış sahələrinin yerləşməsi və ətraf infrastruktur bu əmlak növünün dəyərinə və istifadəsinə birbaşa təsir göstərir.