Qeyri-yaşayış sahələri üzrə ilkin qeydiyyat və qiymətlərdə artım müşahidə olunur.
Əmlak rəsmiləşdirilməsində - YENİLİK
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında qeyd edilib.
2024-cü ildə qeyri-yaşayış sahələri üzrə həm ilkin, həm də təkrar qeydiyyatda artım baş verib. İlkin bazarda qeydiyyat 21,5%, təkrar bazarda isə 12,7% artıb. Bu göstəricilər sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əmlaklara marağın artdığını göstərir.
Qiymətlərə gəldikdə, 2024-cü ildə qeyri-yaşayış sahələrinin orta qiyməti 2023-cü illə müqayisədə 6% artıb. 2025-ci ilin I rübündə isə qiymətlərdə əlavə 2%-lik bahalaşma qeydə alınıb. Bununla yanaşı, 2024-cü ilin sonuna doğru təkrar bazarda qiymətlərdə müəyyən enmə müşahidə olunub. Lakin ümumi trend müsbət qalır.
Qeyri-yaşayış sahələri üzrə ilkin bazar qiymətləri təkrar bazar qiymətlərini üstələməyə başlayıb. 2023-cü illə müqayisədə ilkin bazarda qiymətlər 14%, təkrar bazarda isə 8.5% artıb. Bu fərq xüsusilə 2024-cü ilin II rübündən etibarən nəzərə çarpmağa başlayıb. İl ərzində ilkin bazara marağın artmasında şəhər ərazisində köhnə tikililərin sökülməsi mühüm rol oynayıb.
Ekspertlər hesab edirlər ki, qeyri-neft sektorunun inkişafı və bizneslərin mənfəətliliyinin artması bu sahələrə olan marağı yüksəldib. Yeni obyektlərə tələbin artması qiymətlərin də yüksəlməsinə səbəb olub.