Torpaq qiymətlərinin artması fərdi yaşayış evlərinin dəyərinə birbaşa təsir edir.
Fərdi evlər 2025-ə bahalaşaraq daxil oldu
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında qeyd olunub.
Fərdi yaşayış evlərinin dəyərində torpaq sahəsinin payı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Fərdi yaşayış evi – torpaq sahəsi və onun üzərindəki tikililərdən ibarətdir. Evin ümumi dəyəri isə həm torpağın, həm də tikilinin qiymətindən formalaşır.
Hesabatda bildirilir ki, fərdi yaşayış evlərinin qiymət artımına əsas təsir edən amil torpaq sahələrinin bahalaşmasıdır. 2023-cü illə müqayisədə 2024-cü ildə fərdi yaşayış evinin dəyərində torpaq sahəsinin payı 5% artıb. 2024-cü ilin əvvəli ilə müqayisədə isə 2025-ci ilin eyni dövründə bu artım 4.4% təşkil edib.
Mütəxəssislərin fikrincə, urbanizasiya prosesi nəticəsində şəhərin böyüməsi və boş torpaq sahələrinin azalması qiymətlərə təzyiq göstərir. Təklifin azalması və tələbin sabit qalması fonunda torpaq sahələrinə maraq daha da artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.
Digər tərəfdən, 2024-cü il ərzində torpaq bazarında mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı əməliyyatların sayında azalma müşahidə edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisəli şəkildə aparılıb və hesabat dövrü cari və əvvəlki ilin yanvar-sentyabr aylarını əhatə edir.
Əməliyyatların sayındakı azalma bəzi ərazilərdə qiymət enmələrinə səbəb olub. Yəni, torpağın ümumi bazar dəyəri artsa da, lokal enmələr bazarın parçalanmış strukturunu nümayiş etdirir.