Türkiyədə xaricilərə mənzil satışı rekord həddə çatıb. Oktyabr ayında Antalyada satışlar 33,6%-ə çatarkən, İstanbulda 10 aylıq satış ortalaması ilk dəfə olaraq 10%-i keçdi.
FED.az xəbər verir ki, oktyabr ayında Türkiyədə əcnəbilərin satın aldığı iqamətgahların sayı 5 min 377 olub. Antalyada satılan 6 min 323 evdən 2 min 123-ü, İstanbulda satılan 16 min 987 evdən 1658-i xaricilərə satılıb. Belə ki, oktyabr ayında İstanbulda satılan hər 10 evdən 1-i, Antalyada isə hər 3 evdən 1-i əcnəbilər alıb.
Türkiyə Statistika Təşkilatı oktyabr ayı üzrə ev satış statistikasını açıqlayıb.
Xaricilərə ev satışında ilk yeri 2 min 123 mənzillə Antalya tutub. Sonrakı yerləri 1658 satışla İstanbul və 490 satışla Mersin tutur.
Oktyabr ayında Rusiya vətəndaşları Türkiyədən 2 min 23 ev alıb. İran vətəndaşları 498 yaşayış evi, İraqlılar 310 yaşayış evi, Ukraynalılar isə 216 ev alıblar.
Yanvar-oktyabr aylarında xaricilərə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə 27% artaraq 55 min 21 oldu. Bunun 21 min 252-si İstanbulda, 16 min 779-u isə Antalyada baş verib.
Mənzil İnşaatçıları və İnvestorları Dərnəyi (KONUTDER) və Sur Yapı İdarə Heyətinin sədri Altan Elmas isə bildirib ki , ev satışı 2021-ci ilin eyni dövrünə görə 25% azalaraq 102 min 660 ədəd olub.
“Xaricilərə satılan evlərin 20 faizini ruslar alır”
MARS İdarə Heyətinin sədri Hakan Bucak, son on ayda xarici investorlara satılan yaşayış evlərinin sayının 55 min 021 olduğunu, bu rəqəmdə rus investorların nisbətinin 20%-ə yüksəldiyini bildirib. “80 fərqli ölkədən insanlar Türkiyəyə biznes və həyat qurmaq üçün gəlir. 2022-ci ilin ilk on ayında Türkiyədə xarici sərmayədarlar tərəfindən satın alınan yaşayış evlərinin sayı 55 mini keçib. Əvvəlki ilin eyni dövrü ilə müqayisə etdikdə 26,9 faiz artım görürük. Türkiyədən mənzil alan ölkələrə baxdığımızda siyahının başında Rusiya gəlir. Xüsusilə də müharibə ilə Rusiya mərkəzli maraq günü-gündən artır”. Xarici investorların mənzil almağa böyük maraq göstərdiyi vilayətlərin İstanbul, Antalya və Mersin olduğunu qeyd edən Hakan Bucak, “Ruslar xüsusilə tətil bölgələrindən mənzil alması ilə ön plana çıxır. Antalya və Bodrum hazırda onun sevimli bölgələridir. Bu maraq belə davam edərsə, rusların üstünlük təşkil etdiyi kiçik qəsəbələr yarana bilər”-deyib.