ABŞ-nin çip istehsalçısı “Nvidia”nın (NVDA) səhmlərində kəskin ucuzlaşma fərdi investorların rekord həcmdə alışlarına səbəb olub. Şirkətin baş direktoru Censen Huanqın istefasından sonra investorlar aşağı qiymətlərdən istifadə edərək səhmləri almağa başlayıblar.
13 ildir şirkətdə çalışan qadın dünyanın ən böyük çip istehsalçısına rəhbərlik edəcək
FED.az xəbər verir ki, bu barədə noyabrın 13-də “Bloomberg” məlumat yayıb.
“Vanda Research” şirkətinin məlumatına görə, noyabrın 12-də ABŞ birjalarında ticarətin ilk 30 dəqiqəsində fərdi investorların “Nvidia” səhmlərinə xalis yatırımları 111 milyon dollara çatıb. Bu, şirkət üzrə indiyədək qeydə alınmış ən yüksək ilkin yarımsaatlıq alış göstəricisidir.
Alışların həcmi adi ticarət sessiyalarının başlanğıcında müşahidə edilən səviyyəni 40 dəfədən çox üstələyib.
Censen Huanqın istefası ilə bağlı xəbərlərdən sonra “Nvidia” səhmləri cümə axşamı ticarət zamanı 14%-ə qədər ucuzlaşıb. Lakin fərdi investorların fəal alışları itkilərin əhəmiyyətli hissəsini kompensasiya edib.
Nəticədə şirkətin səhmləri sessiyanı 4,3% azalma ilə, 166,19 dollardan başa vurub.
“Vanda Research”in hesablamalarına görə, həftənin ilk üç günündə ABŞ səhm və birja investisiya fondlarına (ETF) fərdi investorların xalis yatırımlarının 61%-i “Nvidia”nın payına düşüb.
Bununla belə, şirkətin səhmləri son beş həftədə dəyərinin təxminən üçdəbirini itirib. Bu müddətdə “Nvidia”nın bazar kapitallaşması 1 trilyon dollardan çox azalıb.
İnvestorlar indi şirkətin növbəti maliyyə hesabatını və yeni baş direktorun təyin edilməsi prosesini izləyirlər.














