Noyabrın 12-də “Bakı Fond Birjası” QSC (BFB) ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında “Legion Financial” ASC-nin istiqrazları üzrə marketmeyker müqaviləsi imzalanıb.
“Troni İnvestisiya Şirkəti”nin dəstəyi ilə daha bir şirkətin istiqrazları – UĞURLA YERLƏŞDİRİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, müqavilə “Legion Financial” ASC tərəfindən emissiya edilmiş AZ2005025468 dövlət qeydiyyat nömrəli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları əhatə edir.
Razılaşmaya əsasən, “Troni İnvestisiya Şirkəti” QSC sözügedən istiqrazlar üzrə təkrar bazarda marketmeyker funksiyasını həyata keçirəcək. Şirkət gündəlik olaraq istiqrazlar üzrə alış və satış qiymətlərini müəyyənləşdirəcək və bu qiymətləri 5%-lik qiymət dəhlizi çərçivəsində formalaşdıracaq.
Bununla yanaşı, marketmeyker Birjanın ticarət sistemində öz adından alış və satış sifarişləri yerləşdirməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən, alış və satış sifarişlərinin hər biri üzrə məbləğ 50 000 (əlli min) AZN ekvivalentindən az olmamalıdır.
Qeyd edək ki, marketmeyker qiymətli kağızların təkrar bazarında müntəzəm alış və satış sifarişləri yerləşdirməklə onların likvidliyini və sərbəst alınıb-satılmasını təmin etməyə kömək edən bazar iştirakçısıdır.














