«Uzunmüddətli investisiya və kapitalın artırılması baxımından torpaq sahələri, müntəzəm kirayə gəliri əldə etmək üçün isə mənzillər daha cəlbedicidir. Bağ evləri mövsümi gəlir, qeyri-yaşayış obyektləri isə biznes fəaliyyəti vasitəsilə qazanc əldə etmək istəyən investorlar üçün əlverişli seçim hesab olunur».
Bəzi rayonlarda topraq qiyməti 5 dəfə bahalaşıb – GƏLƏN İL DƏ 15%-DƏN ÇOX BAHALAŞACAQ
Bu fikirləri FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, hazırda daşınmaz əmlakın investisiya cəlbediciliyi yüksək olduğundan onun bütün növlərinə investisiya yatırılır:
«Uzunmüddətli investisiyadan söhbət gedirsə, bu zaman, təbii ki, torpaq sahələri ön plana çıxır. Çünki torpaq daim bahalaşma potensialı olan daşınmaz əmlak növüdür. Digər daşınmaz əmlak növləri də məhz torpaq sahələri üzərində formalaşdığından, torpağın dəyəri üzərindəki tikililərin qiymətinə də birbaşa təsir göstərir.
Torpaq sahələrinin qiymətinə təsir edən digər mühüm amil əhalinin sayının artmasıdır. Hətta hər hansı kataklizm, iqtisadi və ya maliyyə böhranı baş versə belə, əhalinin artması torpağa olan tələbatın davamlılığını şərtləndirir. Bu baxımdan, torpaq sahələri uzunmüddətli investisiya gəliri əldə etmək və kapitalı qorumaq baxımından nisbətən az riskli investisiya vasitələrindən hesab olunur».
Sədr mənzillərə gəlincə, bu daşınmaz daşınmaz əmlak növünün də ildən-ilə bahalaşma potensialına malik olduğunu bildirib:
«Eyni zamanda, mənzillərdən səmərəli istifadə etməklə kirayə gəliri əldə etmək mümkündür. Onların investisiya cəlbediciliyini artıran əsas xüsusiyyətlərdən biri likvidliyidir. Yəni mənzili istənilən vaxt satışa çıxarmaq, nağd pula çevirmək və bununla da investisiyadan gəlir əldə etmək mümkündür».
Vüqar Orucun fikirlərinə görə, qeyri-yaşayış obyektləri isə daha çox iqtisadi fəallıq və biznes mühiti ilə əlaqəli daşınmaz əmlak növüdür:
«Ölkədə iqtisadi inkişaf baş verirsə, iqtisadi münasibətlər çərçivəsində islahatlar aparılırsa, ticarət və biznes fəaliyyəti üçün imkanlar genişlənirsə, təbii olaraq həm pərakəndə ticarət obyektlərinə, həm də ofislərə tələbat artır. Bu baxımdan, iqtisadi fəaliyyətlə məşğul olmaq və biznes qurmaq istəyənlər üçün qeyri-yaşayış obyektlərinə investisiya yatırmaq daha uyğun seçimlərdən biri hesab oluna bilər».
Fərdi yaşayış evlərinin daha çox yaşamaq məqsədi ilə alındığını qeyd edən, sədr deyir ki, bu evlərdən də bəzi hallarda investisiya aləti kimi istifadə etmək mümkündür:
«Fərdi yaşayış evlərinə gəlincə, bu daşınmaz əmlak növü əsasən yaşayış məqsədi daşıyır. Lakin bağ evi kimi istifadə olunan, dənizə yaxın və istirahət üçün əlverişli ərazilərdə yerləşən fərdi evlərə də investisiya marağı var. Belə evlərə, əsasən, mövsümi kirayə gəliri əldə etmək məqsədilə investisiya yatırılır. Bağ evlərinin digər xüsusiyyəti isə onların torpaq sahəsi üzərində yerləşməsidir. Dənizə yaxınlıq və istirahət imkanları həmin ərazilərdə torpağa olan tələbatı artırır. Nəticədə bağ evlərinin yerləşdiyi torpaq sahələrinin qiyməti digər ərazilərlə müqayisədə daha dinamik şəkildə yüksələ bilir».
«Bağ evləri mövsümi gəlir əldə etmək, mənzillər isə daha sabit kirayə gəliri qazanmaq baxımından əlverişlidir. Belə ki, mənzillərdən ilin 12 ayı ərzində kirayə gəliri əldə etmək imkanı var. Eyni zamanda, daşınmaz əmlakın bütün növlərində qiymət artımı potensialı mövcuddur. Bu da investisiya yatırılan əmlakın dəyərinin zamanla yüksəlməsinə şərait yaradır.
Burada bir məqamı da xüsusi qeyd etmək istərdim. Əgər kimsə öz kapitalını qorumaq istəyirsə, daha çox qızıla üstünlük verir. Məqsəd yalnız kapitalı qorumaq deyil, eyni zamanda artırmaqdırsa, daşınmaz əmlaka investisiya yatırmaq daha çox diqqət çəkir. Daha çevik qərarlar vermək və qısa müddətdə gəlir əldə etmək istəyən, biznes maraqları üstünlük təşkil edən investorlar isə böyük layihələrə vəsait yatırmağa üstünlük verirlər. Bu zaman onların əsas məqsədi iqtisadi fəaliyyət nəticəsində daha yüksək gəlir əldə etməkdir», - deyə Vüqar Oruc əlavə edib.
AQC sədri pandemiyadan sonra əhalinin investisiya maraqlarının dəyişdiyini nəzərə çatdırıb:
«Düşünürəm ki, bu yanaşmalar ölkələrin iqtisadi xüsusiyyətlərindən və inkişaf səviyyəsindən asılı olaraq formalaşır. Pandemiyadan sonra əhalinin passiv investisiyalara marağı daha da artıb. Aktiv biznes konkret iqtisadi fəaliyyət və layihələrin idarə olunmasını tələb etdiyi halda, passiv investisiya daşınmaz əmlaka vəsait yatırmaqla həmin əmlakdan əldə olunan gəlirlə kifayətlənməyə imkan verir.
Pandemiya dövrü insanlara göstərdi ki, təkcə Azərbaycanda deyil, bütün dünyada iri biznes layihələri insanların özündən asılı olmayan hadisələr səbəbindən çətinliklərlə üzləşə, yarımçıq qala və ya fəaliyyətini dayandıra bilər. Hətta belə layihələr əvvəlki gəlirliliyini də itirə bilər. Digər tərəfdən, rəqabət biznes fəaliyyətinə mənfi təsir göstərə, texnoloji inkişaf isə bəzi sahələri tamamilə sıradan çıxara bilər».
Vüqar Oruc torpaq sahələrinin qiymətinin daha çox bahalaşacığını fikrini yenidən təkrarlayır və kənd təsərrüfatının inkişafının da bu sahəyə təsir etdiyini qeyd edir:
«Daşınmaz əmlak isə insanların fundamental ehtiyacları ilə bağlı olan sahədir. Dünya mövcud olduqca insanların həm yaşayış, həm də iqtisadi fəaliyyət üçün ərazilərə ehtiyacı olacaq. Ev tikmək, kənd təsərrüfatı ilə məşğul olmaq və müxtəlif biznes fəaliyyətlərini həyata keçirmək üçün torpaq sahələri zəruridir. Bu baxımdan, düşünürəm ki, daşınmaz əmlakın investisiya baxımından əhəmiyyəti uzun müddət qorunub saxlanılacaq.
Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qeyd etmək istərdim. Azərbaycan hökumətinin son dövrlərdə daha çox diqqət ayırdığı və ölkənin iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi kənd təsərrüfatının inkişafı bu torpaqların qiymətinin artmasına da səbəb olacaq. Hazırda da bu tendensiya müşahidə olunur.
Son beş ilin göstəricilərini müqayisə etsək, görərik ki, bəzi ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların qiyməti 2,5-3 dəfə artıb. Bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir. Çünki iqtisadi inkişaf və kənd təsərrüfatı sektoruna yatırılan investisiyaların artması bu torpaqlara tələbatı yüksəldəcək. Tələbatın artması isə təbii olaraq kənd təsərrüfatı təyinatlı torpaqların qiymətinin yüksəlməsinə səbəb olacaq».













