Azərbaycanda bəzi vergi ödəyiciləri və hüquqi şəxslər əmtəəsiz əməliyyatlar vasitəsilə maliyyə cinayətlərinə əl atırlar.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Bəzən real iqtisadi fəaliyyəti olmayan, sadəcə maliyyə axınlarının ‘biznes əməliyyatı’ adı altında pərdələndiyi, yəni ‘əmtəsiz əməliyyatlar’ adlandırdığımız hallar aşkarlanır. Bu əməliyyatlar pul vəsaitlərinin nağdlaşdırılması, mənimsəmə, vergidən yayınma və çirkli pulların yuyulması hallarını əhatə edir. Belə hallarda toplanan məlumat və sənədlər aidiyyəti üzrə cinayət təqibi orqanlarına ötürülür", - deyə o qeyd edib.
Rəis müavini həmçinin qeyd edib ki, vergi orqanları iqtisadi cinayətlərlə bağlı istintaq orqanı kimi də fəaliyyət göstərir: “Biz biznesin qeydiyyatından başlayaraq, vergi yoxlamaları və aşkar olunmuş cinayət əlamətləri üzrə istintaq funksiyalarını həyata keçiririk".
"Son dövrlərdə vergi orqanları daxilində maliyyə monitorinqi və maliyyə araşdırmaları üzrə ayrıca ixtisaslaşmış strukturlar yaradılıb. Bu strukturların fəaliyyəti həm daxili nəzarətin gücləndirilməsi, həm də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Artıq iki ildən çoxdur ki, mərkəzləşdirilmiş maliyyə monitorinq strukturu fəaliyyət göstərir. Eyni zamanda istintaq orqanı daxilində ayrıca maliyyə araşdırması şöbəsi formalaşdırılıb”, - deyə o əlavə edib. (Report)