Dövlət Vergi Xidməti (DVX) vergi dərəcələrinin artırılmasında maraqlı deyil. Vergi qanunvericiliyinə edilən dəyişikliklərin böyük əksəriyyəti vergi yükünü artırmağa deyil, biznes mühitinin yaxşılaşdırılmasına, vergi inzibatçılığının sadələşdirilməsinə və könüllü vergi əməletməsinin gücləndirilməsinə xidmət edir.
FED.az xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
Onun sözlərinə görə, sahibkarlar və Milli Məclisin deputatları ilə görüşlərdə tez-tez Vergi Məcəlləsinə hər il edilən dəyişikliklərin sayı ilə bağlı suallar səsləndirilir.
Orxan Nəzərli qeyd edib ki, dəyişikliklərin sayından daha çox onların mahiyyətinə diqqət yetirmək lazımdır.
"Vergi dərəcələri demək olar ki, artırılmayıb"
DVX rəhbəri bildirib ki, son illərdə vergi daxilolmalarındakı artım vergi dərəcələrinin artırılması hesabına baş verməyib. Onun sözlərinə görə, Vergi Məcəlləsində vergi dərəcəsinin artırılması ilə bağlı əsas dəyişiklik yalnız aksiz vergilərinə aid olub. Bu dəyişikliklər isə əsasən tütün və alkoqollu məhsullara tətbiq edilən aksiz dərəcələrinin mərhələli şəkildə artırılması ilə bağlıdır.
Orxan Nəzərli vurğulayıb ki, bu artımlar əvvəlcədən biznes ictimaiyyətinə açıqlanıb və onların Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi göstəricilərə uyğunlaşdırılması məqsədi daşıdığı bildirilib.
500 təklifdən 180-i məqsədəuyğun hesab olunub
DVX rəhbərinin sözlərinə görə, biznes assosiasiyaları və sahibkarlarla keçirilən çoxsaylı görüşlər nəticəsində təxminən 500 təklif toplanıb. Bu təkliflərdən 180-i məqsədəuyğun hesab edilib.
Orxan Nəzərli bildirib ki, həmin təkliflərin təxminən yarısı artıq qanunvericilikdə öz əksini tapıb, qalan hissəsi üzrə isə təhlillər davam etdirilir.
Biznes üçün yeni güzəştlər tətbiq olunur
DVX rəhbəri qeyd edib ki, son dəyişikliklər əsasən biznes mühitinin yaxşılaşdırılmasına yönəlib. O bildirib ki, ötən il nağdsız hesablaşmaları stimullaşdırmaq məqsədilə sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 min manatlıq dövriyyə limiti müəyyən hallarda 400 min manata qədər artırılıb. Bundan başqa, kirayə gəlirləri ilə bağlı da vergi güzəştləri tətbiq edilib.
Əsas məqsəd könüllü vergi ödənişidir
Orxan Nəzərli bildirib ki, cəmiyyətdə bəzən Dövlət Vergi Xidmətinin yüksək vergi dərəcələrində maraqlı olması barədə yanlış təsəvvür formalaşır.
DVX rəhbəri vurğulayıb ki, qurumun strateji hədəfləri vergi planının icrası, vergi boşluğunun azaldılması, kölgə iqtisadiyyatının kiçildilməsi, etimad mühitinin gücləndirilməsi və könüllü vergi əməletməsinin artırılmasından ibarətdir.
"Vergi dərəcələri yüksəldikcə vergilərin könüllü şəkildə toplanması çətinləşir və nəzarət tədbirlərini artırmaq lazım gəlir. Biz isə məhz vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirilməsində maraqlıyıq", – deyə Orxan Nəzərli bildirib.












