Bu gün sahibkarların ən çox narahatlıq ifadə etdiyi məsələlərdən biri kameral vergi hesablamaları ilə bağlıdır.
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli kameral vergi hesablamaları ilə bağlı sahibkarların fikirləri və bu sahədəki yenilikləri açıqlayıb.
«Bu (sahibkarları ən çox narahat edən məsələlərdən birinin kameral vergi hesablamaları ilə bağlı olması), həqiqətən də belədir və mən bunu anlayışla qarşılayıram. Lakin kameral vergi yoxlamalarının digər vergi nəzarəti tədbirlərindən əsas fərqi ondan ibarətdir ki, burada sanksiya tətbiq olunmur».
O.Nəzərli bildirib ki, ggər hər hansı biznes subyekti və ya sahibkar vergi öhdəliklərinin icrası zamanı bilməyərəkdən müəyyən uyğunsuzluğa yol veribsə, həmin məsələ kameral təhlil nəticəsində müəyyən olunur və vergi ödəyicisinə müvafiq bildiriş göndərilir: «Həmin bildirişdə hansı məqamların aradan qaldırılması və ya izah olunması tələb edilir. Vergi ödəyicisi təqdim etdiyi izahlar əsasında zəruri hallarda bəyannamədə müvafiq düzəlişlər aparır».
Xidmət rəisi qeyd edib ki, il ərzində vergi orqanlarına təxminən 3 milyona yaxın bəyannamə təqdim olunur və xidmət kameral nəzarət prosesinə daha çox erkən xəbərdarlıq və preventiv nəzarət mexanizmi kimi yanaşır: «Burada əsas məqsədlərimizdən biri biznes subyektlərinin vergi öhdəliklərinə əməl etməsini mümkün qədər sadələşdirmək və bunun üçün sərf olunan vaxtı azaltmaqdır. Biz istəyirik ki, sahibkar vaxtını bəyannamələrin doldurulmasına deyil, əsas fəaliyyətinə – biznesinin inkişafına və gəlir əldə etməsinə yönəltsin, vergi öhdəliklərini isə onun üçün əlavə yük yaratmadan rahat şəkildə yerinə yetirsin».
O.Nəzərli kameral vergi hesablamaları ilə bağlı başqa bir yeniliyi də açıqlayıb: «Bu məqsədlə 2025-ci ilin dördüncü rübündən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üzrə bəyannamələrin əvvəlcədən doldurulması – prefilling mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm o deməkdir ki, vergi orqanlarında mövcud olan məlumatlar əsasında vergi ödəyicisinin bəyannaməsi ilkin olaraq sistem tərəfindən hazırlanır. Yəni bəyannamədəki müvafiq sətirlər vergi orqanının məlumatları əsasında doldurulur və vergi ödəyicisi yalnız həmin məlumatları yoxlayaraq təsdiq edir. Beləliklə, o, bəyannaməni sıfırdan hazırlamaq zərurətindən azad olunur».
Hazırda bu mexanizmin daha da təkmilləşdirilməsi və digər vergi ödəyicilərinə, xüsusilə ƏDV ödəyicilərinə də tətbiqi istiqamətində işlər aparılır. Çünki kameral nəzarət zamanı yaranan əsas sualların böyük hissəsi məhz ƏDV ödəyiciləri ilə bağlı olur.
Xidmət rəisi sahibkarların izahatlarının vergi orqanları tərəfindən nəzərə alınmaması ilə məsələsinə də toxunub. Bildirib ki, bununla bağlı yeni qayda tətbiq edilib: «Biz əvvəllər müşahidə etmişdik ki, bəzi hallarda sahibkarlarla vergi orqanları arasında müəyyən anlaşılmazlıqlar yaranır. Sahibkarlar bildirirdilər ki, təqdim etdikləri izahlara vergi orqanları tərəfindən lazımi qaydada münasibət bildirilməyib və ya həmin izahlara tam baxılmayıb. Bu məsələ ilə bağlı daxili texniki həllər tətbiq olunub. Mart ayından etibarən artıq daxil olmuş izahlara vergi orqanının əməkdaşı tərəfindən münasibət bildirilmədən vergi hesablamasının aparılması mümkün deyil. Düşünürəm ki, bu yanaşma sahibkarların narahatlıqlarını tam aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaldacaq».












