Rusiyada Federal Vergi Xidmətinin əməkdaşı vətəndaşların əvəzinə vergini ödədiyinə görə işdən kənarlaşdırılıb.
FED.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva vilayətinin Vergi idarəsində aparılan araşdırma nəticəsində vergi əməkdaşlarından birinin vergi borcların öz cibindən ödədiyi aşkar edilib.
Eləcə də bax: Fərdi sahibkarlar DSMF-ə nə qədər ödəniş etməlidir – SİYAHI, MƏBLƏĞLƏR
Vergi işçisinin ödədiyi borcların məbləği böyük olmayıb – bunlar bir neçə qəpikdən 100 rubla (2 manat ekvivalenti) qədərdir. Məsələ aşkar ediləndən sonra vergi əməkdaşı bildirib ki, vətəndaşların belə borcları əsasən texniki səbəblərdən – penya hesablanmasından və yuvarlaqlaşdırma nəticəsində yaranır.
O etiraf edib ki, belə kiçik məbləğdə vergiləri toplamaq çətindir, çox vaxt aparır və daha baha başa gəlir, ona görə də ən sərfəli variant belə kiçik məbləğləri özünün ödəməsidir.
Qeyd edək ki, bu məsələ qurumda aparılan xidməti araşdırma nəticəsində ortaya çıxıb. Sözü gedən əməkdaşın nəticələri (vergi borclarını daya yaxşı toplaması) öz həmkarlarından kəskin fərqlənirmiş və bundan şübhələnən iş yoldaşları məsələ ilə bağlı araşdırma aparılmasını tələb ediblər.
Hələlik, borcları vergi əməkdaşı tərəfindən ödənilən vətəndaşlara qarşı hansı tədbirlərin görüləcəyi məlum deyil. Vergi əməkdaşının özünün taleyi də qeyri-müəyyəndir. Onu işdən azad edə və ya inzibati tənbeh edə bilərlər.