Dövlət Vergi Xidməti fərdi sahibkarlara məcburi sosal sığorta haqqının (DSMF-ə ödənişin) məbləğini bir daha xatırladıb.
Azərbaycanda fərdi sahibkarların sayı - Açıqlanıb
FED.az xəbər verir ki, qanunvericiliyə əsasən, fərdi sahibkarlar məcburi sosial sığorta (MDSS) haqqını minimum əməkhaqqına nisbətən müəyyən faizlə hesablayıb ödəməlidirlər. Bu faiz fərdi sahibkarın fəaliyyət göstərdiyi sektora görə dəyişir. Xatırladaq ki, minimum əmək haqqının məbləği 250 manatdır.
Mövzu ilə bağlı şərh verən iqtisadçı ekspert Radil Fətullayevin sözlərinə görə, qanuna əsasən, tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 50 faizi miqdarında (yəni ayda 125 manat FED.az), mülki-hüquqi xarakterli müqavilələrlə işləyən (fərdi sahibkarlar istisna olmaqla) şəxslər üzrə hesablanmalı MDSS ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında (ayda 62,5 manat) ödəniş etməlidir.
Xüsusi notariuslar minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında (ayda 625 manat), müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında MDSS-yə cəlb edilməlidir.
R.Fətullayev bildirib ki, qeyd edilənlər fərdi sahibkarın gəlir əldə etdiyi (fəaliyyəti olduğu) ay üzrə hesablanır.
Əgər sahibkar hər hansı bir ayda gəlir əldə etməyibsə, o zaman MDSS ödəməyə ehtiyac yoxdur.
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün aylıq MDSS haqqı aşağıdakı qaydada hesablanır:
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında (ayda 12.5 manat);
Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında (ayda 12,5 manat);
Çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında (ayda 7,5 manat);
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında (ayda 7,5 manat);
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında (ayda 7,5 manat);
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında (ayda 7,5 manat);
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında (ayda 7,5 manat);
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında (ayda 7,5 manat).
Qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5, digər şəhər və rayonlarda – 1,0 əmsallar tətbiq edilməklə müəyyən olunur.
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpağı olan və onu istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatları əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Belə ki, bu zaman MDSS torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanmalıdır:
- 5 hektaradək olduqda – minimum aylıq əməkhaqqının 2 faizi miqdarında (ayda 5 manat);
- 5 hektardan 10 hektaradək olduqda – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında (ayda 15 manat);
- 10 hektardan yuxarı olduqda – minimum aylıq əməkhaqqının 10 faizi miqdarında (ayda 25 manat).
Mülkiyyətində torpaq sahəsi olan şəxs, eyni zamanda, digər sahələrdə də işləyib MDSS ödəyirsə, bu ödəməyə cəlb olunmurlar. Bundan əlavə, I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar və pensiya yaşına çatmış şəxslər də MDSS-yə cəlb olunmurlar.
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında (ayda 15 manat) MDSS ödəməlidirlər.