Azərbaycanda təqribən 20 ilə yaxındır tətbiq edilən və vergi ödəyicilərinin böyük narazılığına səbəb olan vergi hesablarına sərəncam qoyulması qaydası dəyişəcək.
Banklar 10-15 milyon manat krediti girovsuz verə bilərlər – Taleh Kazımov
FED.az biznes vəm maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət sahibkarın və ya vergi ödəyicisinin vergi borcu olduqda onun bütün hesablarına sərəncam qoyularaq həmin vəsaitin avtomatik silinməsindən gedir. Əslində vergi borcunun ödənilməsi məntiqi görünsə də, problem ondadır ki, adətən həmin sərəncam vergi ödəyicisinin bütün hesablarına və bütün vəsaitlərinə tətbiq edilir. Nəticədə vergi ödəyicisinin bəzi hallarda vergi borcundan dəfələrlə artıq olan məbləğləri bloklanır və ya vergi borcu bir neçə bank hesabından eyni vaxtda silinir, sonradan onun geri qaytarılması da ayrıca problemə çevrilir.
İndi isə Dövlət Vergi Xidməti (DVX) bu problemin həllinə hazırlaşır. Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, hazırda Xidmət tərəfindən bank hesablarının sərəncamların tətbiqi ilə bağlı pilot layihəyə başlanılıb. Layihənin nəticəsindən asılı olaraq yeni qaydanın tətbiqi gözlənilir.
Vergi ekspertləri yeni layihə və yanaşmadan ciddi nəticələr gözləyirlər.
“Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, əgər vergi ödəyicisinin, sahibkarın və ya şirkətin dövlət büdcəsinə hər hansı borcu olduqda, vergi orqanı həmin borcun tutulması və yaxud dondurulması üçün şirkətin və ya sahibkarın bank hesablarına sərəncam göndərir. Bu, ya tutulmalı, ya da alınmalı sərəncam olur. Burada sahibkarın və ya şirkətin bir deyil, bir neçə bank hesabı ola bilər və bütün bank hesablarında onun pul vəsaiti ola bilər. Vergi orqanı əvvəlcədən bilmir ki, sahibkarın və ya şirkətin hansı bank hesabında nə qədər vəsaiti var. Ona görə də avtomatlaşdırılmış qaydada bütün bank hesablarına sərəncam göndərir. Bütün bank hesablarına sərəncam göndərildikdə nəticədə nə baş verir? Eyni məbləğ sahibkarın 2-3 bank hesabından tutulur, yəni eyni borc 2-3 dəfə artıq tutulur”.
Bunu vergi eksperti Anar Bayramov vergi sahəsində sərəncamların tətbiqi ilə bağlı icra olunan pilot layihələri FED.az biznes və maliyyə xəbərləri portalına şərh edən zaman deyib.
Ekspert bildirib ki, belə problemlərin qarşısını almaq üçün hal-hazırda mövcud qanunvericilikdə sahibkarlar və şirkətlər üçün müəyyən tənzimləyici normalar mövcuddur:
“Bunlardan biri odur ki, əgər sahibkar görürsə ki, pul onun hər hansı bir bank hesabından tutulub, dərhal həmin tutulmanı təsdiq edən ödəniş tapşırığını digər banklara təqdim edir ki, artıq mənim dövlət büdcəsinə olan bu borcum, məsələn, «Kapital Bank» hesabımdan tutulub. Eyni məbləğ bir də mənim «Paşa Bank» hesabımdan tutulmasın. Həmin sənəd əsasında Paşa Bank həmin məbləği tutmur. Çünki vergi orqanı ona dövlət büdcəsinə olan borcun tutulması barədə sərəncam göndərib ki, onu tutsun və büdcəyə ödəsin. Amma vergi ödəyicisi, yəni sahibkar da ödəniş tapşırığını təqdim edib ki, bu məbləğ artıq məndən tutulub.
«Paşa Bank» həmin ödəniş tapşırığını özündə saxlayır və məbləği tutmur, amma dondurur. Ödəyiciyə də həmin vəsaitdən istifadəyə imkan vermir. Bu müddətdə birinci ödəniş büdcəyə köçürülür. Daha sonra vergi portalında sahibkarın və ya şirkətin Dövlət Vergi Xidmətinə aid şəxsi vərəqəsində borc silindikdən sonra digər banklara göndərilmiş sərəncamlar avtomatik olaraq geri çəkilir».
Ekspert bildirir ki, ilk baxışdan sadə grünsə də, bu proses 1-2 gün vaxt aparır. Bu vəziyyətdə üçün müəyyən mexanizmlər nəzərdə tutulsa da, bəzən sahibkar operativ davrana bilmir və ya onun mühasibinin kifayət qədər təcrübəsi olmadığından nəticədə gecikir. Yaxud da ikinci bank artıq eyni vaxtda vəsaiti tutmuş olur. Sahibkar banklardan birindən ödəniş tapşırığını götürüb digər banka çatdırana qədər artıq ödənişlər tutulmuş olur və o, ciddi maliyyə itkisi ilə üz-üzə qalır.
«Bundan başqa, elə hallar da olur ki, sahibkarın ümumiyyətlə bir bank hesabı olur. Sahibkar özü borcunu ödəyir. Əgər həmin ödəniş son iş günündə, məsələn, saat 15:00-dan və ya 16:00-dan sonra icra olunursa, ən yaxşı halda növbəti gün şəxsi vərəqədə əks olunur. Amma təcrübədə ən azı iki gündən sonra borc silinir. Bu iki gün ərzində isə sahibkara borca görə penya hesablanır və ya digər bank əməliyyatları məhdudlaşdırılır».
Anar Bayramov bildirib ki, bu kimi problemlər uzun müddətdir vergi orqanı ilə müzakirə olunur:
“Artıq əldə etdiyimiz məlumata görə, bu problemlərin qarşısını almaq üçün vergi orqanı pilot layihə hazırlayır. Həmin layihəyə əsasən, vergi ödəyicisi borcunu ödədiyi anda ödəniş real vaxt rejimində şəxsi vərəqəsində əks olunacaq, borc silinəcək və digər sərəncamlar geri çəkiləcək. Əgər digər banklarda sərəncam yoxdursa, penya da hesablanmayacaq».
Ekspert bildirir ki, analoji qayda, məsələn, HÖP sistemində artıq mövcuddur: «Gömrük ödənişləri zamanı da bilirik ki, gömrüyə borc varsa, ödəniş edilən kimi həmin borc dərhal silinir. Eləcə də telefon, rabitə, işıq və digər kommunal xidmətlər üzrə borclar ödənilən kimi real vaxt rejimində sistemdə əks olunur və vətəndaş xidmətdən fasiləsiz istifadə etməyə davam edir».
Amma ən ciddi sahələrdən biri olan vergi sistemində bununla bağlı gecikmələr yaşanırdı. Belə hallarda ödəyici eyni ödənişi iki, hətta üç dəfə ödəməli olur. Bu isə onun maliyyə likvidliyini aşağı salır, pul vəsaiti dövriyyədən çıxır. Xüsusilə böyük məbləğlərdən söhbət gedəndə bunun nəticələri daha ağır olur. Daha sonra həmin vəsaitin dövlət büdcəsindən geri alınması isə kifayət qədər çətin və uzun prosesə çevrilir.
«Məhz bu kimi problemlərin həlli üçün hazırda pilot layihə üzərində iş aparılır. Düzdür, layihənin detalları hələ mətbuata açıqlanmayıb. Amma artıq layihənin ümumi istiqaməti barədə müəyyən məlumatlar mövcuddur».














