Azərbaycanda sahibkarların, xüsusilə də fermerlərin üzləşdiyi əsas problemlərdən biri sahibkarların elektrik enerjisi sisteminə əlçatanlığı və enerji sisteminə qoşulması ilə bağlıdır.
FED.az xəbər verir ki, bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı kənd təsərrüfatının inkişafı ilə bağlı 2026-2020-cu illər üzrə dövlət proqramı ilə bağlı bölgələrdə keçirilən görüşlərdə də səsləndirilib.
Şəmkir rayonunda keçirilən görüşdə sahibkar Tahir Hüseynov sahibkarların elektrik enerjisinə əlçatanlığı, iş adamlarının enerji şəbəkəsinə qoşulması ilə bağlı problemləri qaldırıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri natiq Əmirovun sədrlik etdiyi iclasda fermer bildirib ki, enerji şəbəkəsinə qoşulma və transformator quraşdırılması xərclərinin yüksək olması fermerlərə əlavə böyük yük yaradır.
İş admının sözlərinə görə, sahibkarlar bağ və sair təsərrüfatlar salmaq üçün torpaqlar əldə edirlər. Bu zaman dövlət tərəfindən təbliğ edilən müasir tipli – damcı suvarma sisteminə qoşulmaq üçün elektrik enerjisinin olması tələb olunur. Amma bu təsərrüfatın enerji təminatı baha başa gəlir.
Daha dəqiqi, təsərrüfatda transformatorun qoşulması üçün 40 min manat ödəniş tələb olunur. Sahibkar bildirir ki, 7 hektar torpaq sahəsi əldə etmək üçün 70 min manat ödəniş edən sahibkar, əlavə 40 min manat da transformatorun quraşdırılmasına görə ödəməli olur.
İş adamı bu problemin həll edilməsin xahiş edib. Cavabında prezidentin köməkçisi Natiq Əmirov bildirib ki, sahibkarların enerji şəbəkəsinə qoşulmanın sadələşdirilməsi məsələsi Prezident İlham Əliyevin nəzarətindədir və tezliklə həll olunacaq: «Bu məsələ ölkə rəhbərliyinin şəxsi nəzarətindədir, dövlət başçısının bununla bağlı xüsusi tapşırığı var və yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq».
«Çox qısa müddətdə, qarşıdakı 4-5 gün ərzində dövlət başçısının bununla bağlı fərman imzalaması və problemin həlli gözlənilir» - deyə Natiq Əmirov sahibkarlar üçün gözlənilən olduqca müsbət yeniliyi açıqlayıb.















