Yeni il ərəfəsində Azərbaycana gələn turistlərə hotel və restoranlarda keçirilən şənliklərlə bağlı müxtəlif paketlər təqdim olunacaq.
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. K.Quluzadənin sözlərinə görə, xidmətlərdən asılı olaraq qiymətlər dəyişir.
"Bakıda və regionlarda Yeni illə bağlı kütləvi şənliklər keçiriləcək. Bundan əlavə biz Hotellər və Restoranlar Assosiasiyasından məlumat almışıq ki, hotellərin çoxunda Yeni il münasibətilə şoular təşkil olunacaq və bunlar paket şəklində turistlərə təqdim ediləcək. Qiymətlər isə xidmət növlərindən, hotellərin kateqoriyasından və əlbəttə şounun zənginliyindən asılı olaraq dəyişir. Minimum qiymət 40 manatdır. Ən bahalı şou paketləri isə 1000 manatdan yuxarıdır".
K.Quluzadə bildirib ki, ölkəyə turist axınında da artım müşahidə olunur və bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir:
Eləcə də bax: Sədr: “Şahdağ" Turizm Mərkəzinə turist axını güclənəcək”
"Rəsmi statistikaya görə, son 11 ayda ölkəyə gələn turistlərin sayında 6% artım var. Öz araşdırmalarımız da göstərir ki, artım yeni il və qış ayları üçün də bu şəkildə davam edəcək".
Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.
Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.
Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.