Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə vərəqələri, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin daha qısa zaman ərzində alınması mümkün olacaq.
FED.az xəbər verir ki, bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir.
Yeni dəyişikliklərdə həmin sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib.
Qanunun hazırkı variantına görə, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri 20 gün, daimi yaşamaq üçün 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi 20 gün müddətində verilir.
Qanun layihəsi nisbətən daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətdə verilməsi imkanını nəzərdə tutur.
Belə ki, layihədə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 gün, daimi yaşamaq üçün 35, 40 , 50 və 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın 1 və 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15 və 20 gün müddətində verilməsi təklif edilir.