“Azərbaycan Hava Yolları” (AZAL) UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəyə gələn qonaqlarla bağlı məlumatı açıqlayıb.
FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşür.
Eləcə də bax: Bakıdan daha bir şəhərə uçuşlar başlayır - QİYMƏT AÇIQLANDI
Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.
Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.
Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.
Gözlənildiyi kimi, reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəliblər.
Bu dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini də qarşılayıb. Onlar arasında Londondan göyərtəsində təxminən 500 sərnişin ilə gələn “Hi-Fly” aviaşirkətinə məxsus ən böyük sərnişin təyyarəsi “Airbus A380” olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək hava hərəkəti aktivliyini aşağıdakı linkdəki qısa videoda izləmək mümkündür: