Türkiyədə bu il turizm üçün uğurlu olub.
FED.az-ın "Hurriyet"'ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) İdarə Heyətinin sədri Osman Ayık bildirib.
ELƏCƏDƏ DƏ BAX: Otellərdə milyonlar xərcləndi - STATİSTİKA
O. Ayık deyib ki, bu il 2015 və 2016-cı illərdə turizm sektorunda ortaya çıxan problemlər aradan qaldırılıb və bu sektorda ciddi uğurlar qazanılıb: “Ötən dövrünün göstəricilərinə baxsaq, yəqin ki, bu il Türkiyədə turizmdə rekord qeydə alınacaq. İnşallah, ölkəmizə gələn turistlərin sayə 40 milyon nəfəri keçəcək. İlin sonuna qədər turizmdə 25-30 faiz artım olacağını düşünürük. Beləliklə, turizm sektorunda 32 milyard dollar gəlir əldə edəcəyimizə ümid edirik”.
TÜROFED İdarə Heyətinin sədri Türkiyədə turizm sektoru üçün əsas ölkələr sırasında Rusiya, Almaniya, İngiltərə, İran, Gürcüstan və Bolqarıstanın adını çəkib. Eyni zamanda gələn il İngiltərə də daxil olmaqla, Avropadan Türkiyəyə gələn turistlərin sayında əhəmiyyətli artım qeydə alınacağına inandığını vurğulayıb. Türkiyənin turizm sektoru üçün perspektivli sayılan ölkələr sırasında Çin, Yaponiya və Hindistanı qeyd edib.
Daxili turizmin də inkişaf etdiyini vurğulayan O. Ayık bu tendensiya nəticəsində 2019, 2020-ci illərdə ölkə daxilində turistlərin sayının 10 milyon nəfərə çatacağına əmindir. O, 2019-cu illə bağlı sifarişlərin də proqnozlara uyğun olduğunu nəzərə çatdırıb: “Artıq yerli turistin də istehlak vərdişləri dəyişib, daha çox insan erkən sifarişləri əhəmiyyətli sayır. Bu, turizm sektorunun gələcəyini daha aydın görməyə imkan verir. Gələn il üçün turizmlə bağlı sifarişlər oktyabr ayından başlayıb və iki aylıq müddətdə 5 milyondan çox sifarişin olacağını proqnozlaşdırırıq. Keçən il otellərdə yerlərin 20 faizinin yerli turistlərə ayırmışdıq. Yəqin ki, xarici turistlərin artması səbəbindən bu il həmin göstərici 15 faizə enəcək”.