Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb.
Eləcə də bax: Turizm şirkətləri üçün yeni xidmət qaydaları hazırlanıb - VİDEO
Dövlət Turizm Agentliyindən FED.az-a bildirilib ki, Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək mərkəz turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqla turizmin uzunmüddətli inkişafına töhfə vermək məqsədini daşıyır.
Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib. Modullar 6 əsas turizm regionunda turizm sənayesinin təmsilçiləri arasında ötən ilin avqust-oktyabr ayları ərzində aparılan sorğuya əsasən müəyyənləşdirilib.
Təlimlər məhz hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.
Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən keçiriləcək kurslar iştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsi nəzərə alınaraq Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.
Kurslar cari vəziyyət nəzərə alınaraq başlanğıc olaraq onlayn formatda həftədə 2 dəfə təşkil olunacaqdır.
Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin ediləcəkdir.
Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.