Xaricə səfər edənlərin sayının çox olması, digər turizm xidmətləri ilə yanaşı, səyahət sığortasını da aktuallaşdırıb. Artıq başa çatmaqda olan yay mövsümündə turistlərin xaricdə rastlaşdıqları gözlənilməz vəziyyətlərdən yeganə çıxış yolu sığorta, daha dəqiqi səyahət sığortasıdır.
Səyahət sığortası nədir, necə işləyir? Ondan hansı hallarda və necə istifadə etmək lazımdır? Səyahət sığortası müqaviləsini bağladığımız sığorta şirkəti hansı hallarda zərəri qarşılayır.
Bu və səyahət sığortası üzrə məsələlərlə bağlı FED.az biznes və maliyyə xəbərləri portalının suallarını “Atəşgah Sığorta” şirkətində turizm şirkətlərilə iş şöbəsinin rəisi, turizm sığortası sahəsində ekspert Xəyal Rüstəmov cavablandırıb.
- Xəyal müəllim, ümumiyyətlə, səyahət sığortası nədir və bu sığorta xaricdə baş verən hansı hadisələrə təminat verir?
- Səyahət sığortalarının təminatları sırasında tibbi xərclər, baqajın itirilməsi, səfərin ləğvi kimi hallar var. Səyahət sığortası təminatının içərisində tibbi xərclər qarşılanır. Yəni səyahət sığortası anidən baş verən hadisələr nəticəsində xəsarət alınması və yaxud da hər hansısa bir xəstəliklə bağlı, xəsarətlərlə bağlı müraciətlərin xərcini ödəyir.
Baqajın itirilməsinə isə aviauçuşlar zamanı təminat verilir. Daha dəqiqi, ölkəyə gediş və ya dönüş zamanı baqajın itirilməsi təminatı qarşılanır. Amma bu təminat tranzit uçuşlara şamil edilmir.
- Səyahət sığortasında müştəriyə nə qədər təminat verilir? Yəni bir hadisə baş verəndə vətəndaşlar nə qədər ödəniş ala bilirlər – bununla bağlı bir limit var?
- Səyahət sığortasında ümumi sığorta məbləği olur. Bu, minimum 15 min dollardan başlayır. “Atəşgah Sığorta” olaraq 15 min, 30 min, 50 min, 75 min dollar və yaxud avro təminat verə bilirik. Digər sığorta şirkətlərində 75 min təminat, bəzilərində isə 50 min təminat da yoxdur. Və bu məbləğin içində yuxarıda sadaladığım təminatlar qarşılanır.
Amma indidən qeyd edim, yəqin suallarda da bu məsələyə toxunarıq, sığorta təminatının ümumi məbləği fərqli-fərqli təminatlara bölünür. Hər təminatın da öz fiks məbləği var.
- Gəlin səyahətlə bağlı lap əvvəldən başlayaq. Səfər ləğv ediləndə sığorta şirkəti zərəri necə qarşılayır?
- Səfərin ləğvi zamanı da təminatı əsaslandıran şərtlər olmalıdır. Yəni səfərin ləğvində “istəmirəm, getmirəm, sığortada səfərimin ləğvi təminatı var” - deyə bir anlayış yoxdur.
Səfərin ləğvi Azərbaycanda olanda (yəni turist hələ Azərbaycandadır və xaricə səfəri ləğv edilir) səfərin ləğvi o hallarda qarşılanır ki, bu hadisə onun birinci dərəcəli (ən yaxın) ailə üzvünün vəfatı ilə bağlı olsun. Bu halda səfərin ləğvi xərclərini sığorta şirkəti qarşılayır. Eyni zamanda turistin öz səhhəti ilə bağlı hər hansı bir problem yaranarsa və həkim onun uçuşuna icazə vermirsə (yenə də turist hələ Azərbaycandadırsa və hələ uçmayıbsa), bu haldi səfərin ləğvi təminatı qarşılanır.
- Bəs turist xaricdə olanda necə olur? Yəni azərbaycanlı turist xaricdədir, qayıtmaq istəyir və hansısa səbəbdən uça bilmir. Belə olanda sığorta hansı halda zərəri qarşılayır?
- Turist xaricdə olduğu zaman isə, yəni məsələn, adam ayın 1-də xaricə gedib, ayın 10-da qayıtmalıdır, amma ayın 5-i Azərbaycandan xəbər alır ki, birinci dərəcəli ailə üzvü vəfat edib, geri dönməlidir. Bu halda yenə də səfər sığortasında qarşılama olur. Bundan başqa, Azərbaycanda hər hansısa bir məhkəmə orqanında adamın iştirakı lazımdırsa, vacibdirsə, bununla bağlı anidən geri dönüş eləməlidirsə, bu da səfərin ləğvi təminatına düşür.
Eyni zamanda fərdi qəza sığortası - yəni sığorta olunan şəxs xarici ölkədə vəfat edərsə, vəfat etdikdən sonra həm repatriasiya xərci - cəsədin Azərbaycana çatdırılması xərci daxildir. Bu zaman sığortalanmış şəxsin ailə üzvlərinə vəfatından sonra kompensasiya ödənilir. Və yaxud da sığortalanmış şəxs əlillik alıbsa, bu vəziyyətdə də ona kompensasiya ödənilir.
Bundan sonra passportun itirilməsi, COVID-19 da bu kompensasiya sırasına daxildir. Nəzərə alsaq ki, ölkəmizdə COVID-19 hələ də rəsmi olaraq bitməyib, ona görə biz COVID-19 təminatı da veririk. Və bir çox Avropa ölkəsinin səfirlikləri bu COVID-19 təminatını istəyir.
- Biz dedik ki, səfər ləğv olunarsa, turistə sığorta təminatı verilir və ona ödəniş olunur. Bu ödəniş nəyi qarşılayır? Yalnız bilet pulu nəzərdə tutulur? Əgər turistin bileti ayın 10-dadırsa və turist ayın 5-də qayıtmalıdırsa, bilet qiymətində yaranan fərqi də sığorta şirkəti qarşılayır?
- Səfər ləğvi zamanı iki cür təminatı var. Birincisi, turist Azərbaycanı tərk etməmiş olduqda, ikincisi turist artıq xarici ölkədə olduğu zaman. Məsələn turist Azərbaycanda olduğu zaman, deyək ki, sabahla səfər planlaşdırılıb, amma həkim deyir ki, təcili əməliyyat olunmalısan. Yəni turist uçuş etsə, tibbi müdaxilə olunmasa, həyatını itirə bilər. Bu vəziyyətdə Azərbaycanda olduğu üçün bu səfərin ləğvi sayılır, amma turistə kompensasiya ödənilir. Və yaxud da dediyim kimi, birinci dərəcəli ailə üzvünün vəfatı ilə bağlı belə bir şey yaranarsa, məsələn sabah səfər olmalı idi, bu gün birinci dərəcəli ailə üzvü vəfat edir. Bu da Azərbaycanda olanda səfərin ləğvinə daxildir.
Xaricdə olan hallara isə məsələn turist uçub xaricə, 1-dən 10-na qədər, 10-u qayıtmalıdır. Ayın 5-i Azərbaycandan həmin şəxsin mail ünvanına və yaxud ev ünvanına hər hansı bir məhkəmə qurumundan məktub gəlir ki, siz məhkəmə iclasında iştirak etməlisiniz. Bu hal da səfərin ləğvi sayılır, yəni adam tez qayıdır.
İkinci bir hal, yenə də birinci dərəcəli ailə üzvünün vəfatı ilə bağlıdır. Birinci dərəcəli ailə üzvü vəfat edərsə, ona sığorta təminatı verilir.
Üçüncü hal da xaricdə olanda həkimin uçuş qadağası qoymasıdır. Məsələn bizdə belə hallar olub. Turis xaricdə idi, övladının başına nə isə gəlib, həkim uçuş eləməyə qoymayıb. Bu zaman övladına görə də valideynlərdən biri qala bilər. Yaşı az olan uşaq olanda valideynlərdən biri də qala bilər. Bu hallarda səfərin ləğvi hallarına sayılır.
Deyək ki, turist Azərbaycanda olduğu hal üçün orda 30 minlik təminat götürülürsə müqavilə üzrə, 1 500 dollar təminat verilir. Yəni ümumi təminat məbləği 30 mindirsə, 1500 dollar təminat verilir. Xaricdə olduğu zaman isə yenə də 1 500 dollardır.
Biz bu zaman həmin şəxsin geriyə uçuş biletini ekonom klassda alırıq. Və ya bəyaq misal çəkdiyim kimi, uşağın başına nəsə gəlib, valideyn oteldə qalmalıdır, həmin o 3 ulduzlu otelin pulunu da biz təmin edirik və geriyə dönüş biletini də ekonom klassda alırıq.
Ümumi təminat məbləği 1500-dür. Amma biz ekonom klaasla tapılan bileti ödəyirik, Deyək ki, ekonom klassın qiyməti bu ayın 10-una 300 manatdır, ayın 5-nə isə 500 manatdır. Biz bu zaman həmin 500 manatı ödəyirik.
- Səyahət sığortası baqajın itirilməsi zamanı da kompensasiya qarşılayır. Bu məbləğ nə qədər olur? Baqajın içindəki əşyaların dəyərindən asılıdır, yoxsa necə?
- Baqaj itirilməsi zamanı sığorta məbləğinin hesablanma qaydası var. Məsələn, turist 30 minlik səyahət sığortası alıbsa, bu vəziyyətdə baqaja görə ödəniş, müqavilənin hansı valyuta ilə burxılmasından asılı olaraq 300 dollar və yaxud 300 avro olur. Bu, fiks məbləğdir. Yəni bu məbləğ baqajın içindəki olan əşyalara görə dəyişmir. Fiks məbləğdir, 300 avro/dollar kompensasiya alır.
- Qayıdaq xaricdə başına iş gələn turistə. Tutaq ki, turist vəfat edib. Onun yaxınları və ya əlillik alan şəxs hansı məbləğdə kompensasiya alır?
- Vəfat edən şəxsin kompensasiya məbləği də, fərdi qəza sığortası təminatı da var. Burada fiks məbləğ 6 mindir. Məsələn 30 minlik səyahət sığortasının tərkibində 6 minlik fiks məbləğ var. Yəni vəfat edən şəxsin ailə üzvləri bu məbləği alır. Sadə desək, sığorta təminatının ümumi məbləği 30 min dollardırsa, o fərqli-fərqli təminatlara bölünür. Hər təminatın da öz fiks məbləği var.
- Ümumiyyətlə turistin xaricdə xəsarət alması, təcili tibbi yardıma ehtiyacı olması prosesi necə olur? Məsələn, adam xaricə gedib, ayağını sındırıb. Həmin şəxs haraya müraciət edir, necə müraciət edir, sığorta şirkəti ona dəstək prosesinə nə vaxtdan qoşulur?
- Bizim təqdim etdiyimiz polisin (sığorta müqaviləsinin – red FED.az) üzərində müraciət üçün nömrələr var. Həmin nömrələr turistin səfər etdiyi ölkələrə aid olur. Məsələn Türkiyə, Misir, Avropa ölkələri üçün və ümumi bir “WhatsApp” nömrəsi var. O “WhatsApp” nömrəsi bizim asistans şirkətimiz, yəni xidmətlərindən istifadə etdiyimiz şirkətin nömrəsidir. Bildiyiniz kimi, “Atəşgah Sığorta” şirkəti xaricdə olan turistlərə özü birbaşa xidmət göstərmir. Biz o xidmət göstərən şirkətlə müqavilə bağlamışıq, turist də onlarla əlaqə saxlayır. Turistin olduğu yerə uyğun ən yaxın özəl tibb müəssisəsi hardadırsa, turisti ora yönləndirirlər.
- Bəs ödəniş məsələsi necə olur? Pulu şirkət verir sonra həmin şəxs gedir müalicə alır, yoxsa həmin şəxs öz pulu ilə müalicə alır sonra gedib şirkətdən pulunu alır?
- Söhbət tibbi xidmətlə bağlıdırsa, turist bütün ödənişin yalnız 30 dollar və yaxud 30 avro olan hissəsini – franşizanı ödəyir. Bundan artıq bütün məbləği sığorta şirkəti ödəyir, bu, müqavilədə qeyd olunub.
Yəni, məsələn, turist 30 min avroluq təminat alıbsa, hər hansısa təcili bir əməliyyat olunmalıdırsa, əməliyyatın da qiyməti 15 min avrodursa, həmin şəxs 15 min avrodan cəmi 30 avro franşizanı ödəyir, qalan 14 min 970 avronu sığorta şirkəti ödəyir. Turist öz cibindən pul ödəmir.
Bəzi hallarda olur ki, Avropanın, belə deyək elə bir bölgələri olur ki, orada özəl tibbi müəssisələr olmur. Özəl sığorta şirkətləri bütün dünya üzrə özəl şirkətlərlə, özəl tibb sığorta müəssisələri ilə işləməyə məcurdurlar. Dövlət tibb müəssisələri sığorta ilə işləmir, elə Azərbaycanda da elədir. Ona görə elə bölgələr olur ki, misal üçün orada özəl klinika yoxdur və orada ancaq dövlət klinikası var. Bu vəziyyətdə asistant şirkətimiz turistlə əlaqə saxlayır, onun yerini öyrəndikdən sonra həmin əraziyə baxır, əgər o ərazidə tibbi müəssisə yoxdursa, turistə deyir ki, siz gedin ödəyin bütün xərcləri, çekinizi götürün, həkim rəyini götürün, Azərbaycana qayıtdıqda “Atəşgah Sığorta”ya müraciət edin, “Atəşgah Sığorta” şirkəti sizin bütün xərclərinizi qaytaracaq. Təbii ki, bayaq dediyim 30 avro franşizanı çıxılmaq şərtilə.
Yəni çıxılmaz vəziyyət olanda, bu ərazidə özəl tibb müəssisəsi olmayanda biz “Remed Assistans”la danışdığımız əsasən bu addımı atırlar. Yəni turist özü ödəyir, sonra biz o məbləği Azərbaycanda geri qaytarırıq.
- Xəyal müəllim, sığorta şirkətinə hadisə barədə məlumat verildikdə sığorta şirkəti turisti özəl xəstəxanaya yönləndirir. Bu zaman turist pulu xərcləyib, sonra ödənişi sizdən alır, yoxsa heç bir xərci çıxmır?
- Sığorta hallarının əhatə etdiyi hallar var, təminatlar var və istisna hallar var. Əgər, misal üçün, deyək ki, bizə müraciət elədi normal prosedurla, getdi yönləndirildi özəl klinikaya, klinikada müəyyən olundu ki, bu müraciət xroniki xəstəlik kimi qiymətləndirilirsə, o zaman xroniki xəstəliyin yalnız ilkin tibbi yardımı qarşılanır. Yox, əgər xroniki xəstəlik deyilsə və həkim rəyinə baxılır. Bəzi hallarda elə olur ki, 5 dənə prosedur yazırlar ki, xəstə bunları keçməlidir. Amma bizim də, yəni hər bir sığorta şirkətinin olduğu kimi, bizim də öz tibbi ekspertlərimiz də var ki, hansı ki bu rəylərə, gələn sorğulara rəy bildirir.
- Düz başa düşdümsə, xaricdə həkimlər turistə analiz və müayinələr yazsa da, sizin öz ekspertləriniz də baxıb yoxlayacaqlar ki, bu analiz və müayinə doğrudan da lazımdır, ya yox, eləmi?
- Bəli, ekspertlərimiz baxır, qiymətləndirir ki, bəli, bu adam misal üçün mədə sancısı ilə yaxınlaşıb xəstəxanaya, amma buna MRT yazıblar. Belə hallar xarici ölkələrdə çox olur. Həkimlər xarici ölkə turistlərindən, xarici ölkə sığortalarından sui-istifadə eləyirlər və artıq prosedurlar yazırlar ki, artıq ödəmələr gəlsin. Belə vəziyyətlər üçün də bizim tibbi ekspertlərimiz var ki, onu qiymətləndirirlər. Həqiqətənmi bu yazılanlar hamısı bu xəstəliyə aiddir, yoxsa əlavə nə isə yazıblar? Əlavə nə isə yazıblarsa, xəstəyə bildirirlər ki, bunu, bunu, bunu biz qarşılayırıq, bunu qarşılamırıq, çünki bu sizin xəstəliyə aid deyil. O halda, bəli, o qarşılanmır.
- Xəyal müəllim, belə çıxır ki, vətəndaş ilkin prosedurların hamısını özü qarşılayır?
- Xeyr, əslində turist heç nəyi özü qarşılamamalıdır və qarşılamır da. Hər bir halda orada verilən həkim rəyi bizim tərəfdaş tərəfimiz olan, xaricdə "Remed Assistance" şirkəti tərəfindən bizə bildirilir. Bu zaman turist həmin o “WhatsApp” nömrəsinə, "Remed Assistance"-a müraciət eləyir. "Remed Assistance"-da turisti yönləndirir klinikaya. Sonra "Remed Assistance" klinika ilə təmasa keçir və klinikanın rəyini bizə bildirir — "Atəşgah Sığorta"ya bildirir. "Atəşgah Sığorta"nın da bayaq dediyim ekspertləri onu qiymətləndirir. "Remed"-ə cavab yönləndirir ki, bəli, bunu, bunu qarşılayırıq, məsələn bu, bu hadisəyə aid deyil, bunu qarşılamırıq. "Remed" də bizim rəyimizi xəstəxanaya bildirir.
- Ola bilsin ki, həmin yerdə özəl müəssisə olar, amma ona yəni vətəndaşın getməyə imkanı olmaz da, çox təcili bir vəziyyət olar. Başqa bölgəyə getsə müraciət etsə, bu zaman da xərclər qarşılanır?
- Təcili vəziyyətlər olanda biz bunu anlayışla qarşılayırıq. Məsələn, hər hansısa bir valideyn övladı yıxılsa, qanaxma, sınıq olsa, bu zaman sığortanı yığmaq halında olmayacaq. Çünki orada anidən müdaxilə eləmək lazımdır. Bu zaman valideyn uşağı götürür, hər hansısa bir yaxın xəstəxanaya çatdırır. Daha sonra həmin şəxs bizə məlumat verməlidir ki, biz onun orada çıxacaq xərclərini qarşılayaq.
Baxmayaraq ki, ilk məqamda onlar özləri gediblər, bizə məlumat verməyiblər. Biz anlayışla qarşılayırıq ki, olur elə hadisələr ki, anidən müdaxilə eləmək lazımdır. Yəni orada sığortaya zəng etmək, məlumat vermək işi ləngidir. Bu məqamları biz anlayışla qarşılayırıq.
Normalda bütün sığorta növlərində hadisə baş verən anda sığorta şirkətinə məlumat verilməlidir. Məlumat verilmədiyi təqdirdə sığorta şirkətinin ödənişdən imtina etməyə hüququ var. Amma bu durumlarda biz başa düşürük ki, adam həmin anda zəng vurmaq halında olmayıb, o vəziyyətdə olmayıb, təcili müdaxilə eləmək lazım idi. Bu halları başa düşürük, amma bir şərtlə ki, sonradan bizə məlumat versin ki, biz o kompensasiyanı ödəyək.
- Qeyd etdiniz ki, əgər turistin yaxınlığında özəl xəstəxana yoxdursa, dövlət xəstəxanasına gedirsə, sonradan sizə məlumat verilsə, siz ödəniş edirsiniz. Bu zaman turistdən hansı sənədlər istənilir ki, sonradan turist get-gələ düşməsin, sənəd arxasıyca qaçmasn. Və tursitə ödəniş nə qədər müddətdə geri qaytarılır?
- Bəli, biz turist Azərbaycana qayıtdıqdan sonra bizə müraciət etməlidir, biz ödənişi 30 gün ərzində həyata keçiririk.
Sənədlər əsasən bu işi bizim tənzimləmə departamentimiz, şöbəmiz məşğul olur. Amma mən məlumat üçün deyim ki, hansı sənədlər lazım olur Həkim rəyi birinci növbədə, sonra həkim rəyinə əsasən müalicənin tibbi tarixçəsi və həmin o xəstəxanada ödəniş hara olunubsa, həmin qəbzlər istənilir.
Bunlar xaricdən götürüləsi sənədlərdir. Təbii ki, bura yaxınlaşanda da öz şəxsiyyət vəsiqəsi və sığorta müqaviləsini hamısını bir yerdə təqdim etməlidir. Amma xəstə orada öz cibindən heç bir pul ödəmədə da, yəni ancaq franşizanı – 30 avro ödəyir.
- Xəyal müəllim, tutaq ki, səyahət edən vətəndaşın hər hansı bir xroniki xəstəliyi var. Təzyiq və ya astma xəstəsidir. Səyahət zamanı halı pisləşərsə, bu zaman vətəndaş xəstəxanaya müraciət edən zaman sığorta şirkəti xərcləri qarşılayır, yoxsa xroniki problem olduğu üçün vətəndaş bütün xərcləri özü qarşılamalıdır?
- Xroniki xəstəliklər bütün sığorta növlərində, hətta tibbi sığorta növündə də, təminat ala bilmir. Amma biz xroniki xəstəliklər təsadüfündə yaranmış problem zamanı hadisələri nəzərə alırıq və ilkin müdaxiləni kompensasiya edirik. Siz dediyiniz kimi, hər hansı bir astma xəstəsidirsə və ya təzyiq xəstəsidirsə, bu xroniki xəstəlikdir. Deyək ki səyahət zamanı vətəndaşın təzyiqi qalxıb, biz ilkin tibbi müdaxiləni, ilkin tibbi yardımı qarşılayırıq. Artıq müalicəsini qarşılamırıq. Bu tək bizdə yox, bütün dünya üzrə praktikada belədir. Xroniki xəstəliklərə təminat verilmir. Yalnız ilkin tibbi müdaxilə, ilkin tibbi yardıma təminat verilir.
- Ümumiyyətlə “Atəşgah Sığorta”ya ən çox hansı hadisələrlə bağlı müraciət olunur?
- Azərbaycanda əsas turistik istiqamətlər Misir, Türkiyə, Dubay, Doha və sairdir. Ən çox turist axını bu ölkələrədir və ən çox da müştərilərimiz bu istiqamətdədir. Ən çox müraciətlər də günvurma ilə bağlı olur, hovuzda çimən zaman göz qızartısı, mədə bulantısı, zəhərlənmə kimi hallarla bağlı olur.
Amma çox fərqli müraciətlərimiz də var. Hətta bir neçə il bundan qabaq biz alpinistin arxasınca helikopter icarəyə götürüb, tibbi helikopter göndərmişik. Yəni alpinist dağa çıxan zaman dağda halı pisləşib və donma təhlükəsi yaranıb. Bu zaman bizə məlumat verildi, biz də asistans vasitəsilə tibbi helikopter icarələyib o turistin arxasıyca göndərmişdik. Yəni hallar fərqli-fərqli olur, müraciətlər çox fərqli-fərqli olur. Amma daha çox yüngül hallarla bağlı müraciətlər daha çox olur. Ən çox ağır müraciətlər isə sınıqlardır. Kimisə sürüşür yıxılır, harasa dəyir, zədələnir və s. bu kimi müraciətlər daha çox olur. Əməliyyat halları isə bu kimi hallara nisbətən daha azdır.
- Xaricdə turist kiminsə mülkünə zərər vursa, bu zaman ödəniş təminatı nəzərdə tutulub, yoxsa bu sığortaya daxil deyil?
- Xeyr, səyahət sığortasında belə bir bənd yoxdur.
- Ətraflı və maraqlı məlumatlar üçün çox sağ olun, Xəyal müəllim, təşəkkür edirəm.
- Siz sağ olun, gününüz uğurlu olsun.













