Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Xırdalanda vətəndaşları qəbul edib.
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilanrayonlarının sakinləri iştirak edib.
Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Əbülfəs Qarayev ölkə başçısının tapşırığı ilə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Bildiyiniz kimi, hər ay ölkəmizin müxtəlif bölgələrində vətəndaşlarla görüşlər keçirilir. Onlar tərəfindən maraqlı təkliflər, müraciətlər səsləndirilir. Belə görüşlər ümumi işimizə, fəaliyyətimizə öz təsirini göstərir. Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Sumqayıt şəhərində əl işləri festivalının keçirilməsi, musiqi məktəblərində yeni tədris sisteminin, kitabxanalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər diqqətə çatdırıldı”.
Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini deyib: "Çox sevindirici haldır ki, Sumqayıt və Abşeron bölgəsi artıq turizm baxımından əlverişli məkana çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".
Nazir qeyd edib ki, yaxın günlərdə yanvar ayının turizm statistikası elan olunacaq: "Müşahidələr göstərir ki, bu il də turizm sahəsində inkişaf qeydə alınacaq"