Regionun ən iri istehsal müəssisəsi olan, ən müasir texnologiyaya malik “Az-Qranata” MMC turizm marşrutuna daxil edilib.
MMC-nin direktor müavini İqbal Mikayılov bildirib ki, iri turizm şirkəti olan “Turizm.az”ın təşkilatçılığı ilə hər həftənin 6-cı və bazar günləri yerli, habelə xarici turistlər 12 hektar istehsal ərazisi olan zavoda gəlir, burada istehsal prosesi ilə tanış olur, dünyanın 20-dən çox ölkəsinə ixrac olunan şirə və şərabların dadına baxırlar.
Turistlər, habelə böyük Qafqaz sıra dağlarının Ləngəbiz dağ silsiləsinin Adnalı yaylasında müəssisəyə məxsus üzüm və nar bağlarını gəzir, təbiətin bəxş etdiyi gözəlliklərdən zövq alırlar.
Qeyd edək ki, ölkəmizdə məhsul bolluğunun, həmçinin ixrac potensialının yaradılmasında özünəməxsus rolu olan müəssisələrdən biri də Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından “Az-Granata” MMC-dir. Müəssisə meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab məhsulları da istehsal edir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölmələrindən ibarətdir. Saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malik olan zavodun illik potensialı 100 milyon qablaşdırma təşkil edir.