Satış müdirindən turizm şirkətinə zərbə - DƏLƏDUZLUQ İDDİASI
16:0627 Avq 2019
““İntravel AZ” şirkətindən Antalyaya səyahət etmək üçün ailəmlə bərabər bilet almışdıq. Bu gün Antalyaya uçmalı idik. Hava limanında məlum oldu ki, nə bilet, nə otel var”.
FED.az xəbəbr verir ki,bBunu Leyla Məmmədli adlı müştəri sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, şirkətdən tam ödəniş edib möhürü və imzası olan sənəd alıb: “Mənim kimi 20-dən çox ailə də bu şirkətin dələduzluğundan əziyyət çəkir. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.
Məsələ ilə bağlı şirkətin meneceri Zahir Məmmədovla əlaqə saxlanıb. O, məsələdən xəbərdar olduğunu vuğulayıb. Bildirib ki, şirkətin satış müdiri Nərgiz Məmmədova müştərilərin pulunu ofisdən kənar yerlərdə alaraq mənimsəyib:
“Nərgiz Məmmədova iki ay idi ki, xəstə olduğunu bildirərək işə çıxmırdı. Bu müddət ərzində müştərilərlə əlaqəsi olub və onların pulunu ofisdən kənar vəziyyətdə mənimsəyib. Həmçinin bəzi müştərilərə saxta sənəd də hazırlayıb. Bu məsələdən rəhbərliyin xəbəri olmayıb. Hazırda Nəsimi rayon Polis İdarəsində məsələ ilə bağlı istintaq gedir. Bilirik ki, hazırda öz səhhətinə xəsarət yetirib. Xəstəxanada müalicə olunur. O, 3 ildir ki, şirkətin satış müdiri vəzifəsində çalışıb”.
Müştərilərin pulunun qaytarılması məsələsinə gəlincə, Zahir Məmmədov bildirib ki, bu, məhkəmənin gedişatından asılı olacaq.
***
Şirkət rəhbəri İlqar Kərimli bildirib ki, turizm müqaviləsi ilə ofisə yaxınlaşan hər kəsə şirkət tərəfindən köməklik göstərilir:
“Şikayətçi Leyla xanım rəsmi qayiə ilə ofisimizə yaxınlaşsa, mən bütün köməkliyi etməyə hazıram. Ancaq bu şikayətçilərin heç birində rəsmi müqavilə yoxdur. Ofisdən kənarda, bizim xəbərimiz olmadan menecer Nərgiz Məmmədovaya ödəniş ediblər. Bu zaman heç biri ödənişin olunması ilə bağlı qəbz tələb etməyib. Əlində sənədi olmayan şəxslərə də mən ödəniş edə bilmərəm. N. Məmmədova dərman içərək özünə qəsd etmək istəyib. Hazırda Toksikologiya şöbəsindədir.
Yay boyu 1000-dən çox müştərimizi səyahət üçün yola salmışıq. Rəsmi müqavilə olan heç bir şəxslə bu problem yaşanmayıb”.