Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi bu gündən etibarən 2017-2018-ci il qış mövsümünü bağlı elan edib.
Mərkəzdən verilən məlumata görə, “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.
Sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət edib. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır.
Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil edib. Onların arasında isə ən çox Birləşmiş Əərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.
Bu mövsüm də hər il olduğu kimi, ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilib, qonaqların 30%-ni xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.
Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib. Yay mövsümünün açılışınadək isə mərkəzdə 5 ulduzlu “Şahdağ Hotel və Spa” hoteli fəaliyyət göstərəcək.