Novruz bayramı günlərində Qəbələyə minlərlə yerli və xarici turist gəlib.
Turist axını səbəbindən bu günlərdə Qəbələdəki beş, dörd və üçulduzlu otellərin hamısında otaqlar dolu olub. Hətta Qəbələyə gələn qonaqlar kirayə verilən boş kənd evləri tapmaqda çətinlik çəkiblər. Rayonda bir neçə musiqili-əyləncəli bayram tədbirinin, tamaşa və konsertlərin, satış yarmarkalarının təşkili turistləri daha çox cəlb edib.
Eləcə də bax: “Şahdağ” Turizm Mərkəzində - REKORD
Qəbələ rayonunda otel və restoran xidmətlərinə görə qiymətlər münasib olub ki, bu da müştərilərin ürəyincədir. Ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahətə üstünlük verirlər. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Həmçinin turistlər istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı qazanırlar.
Qəbələ Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, bayram tətili günlərində rayona 21 minə yaxın turist gəlib. Bu da ötənilkindən iki dəfə çoxdur. Qəbələyə gələn turistlərin 7000-dən çoxu xarici vətəndaşlar olub. Onların arasında Türkiyə, İran, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Gürcüstan, Rusiya və Ukraynadan olan turistlər üstünlük təşkil edib.