Turizm

Paytaxtda "allahsızcasına" qiymət artımı: - ƏLLƏRİNƏ FÜRSƏT DÜŞÜB

Paytaxtda "allahsızcasına" qiymət artımı: - ƏLLƏRİNƏ FÜRSƏT DÜŞÜB | FED.az
09:58 25 Aprel 2019

Bakı hotellərində ifrat qiymətlər: bir gecəyə yüksək vəzifəli məmurun bir aylıq maaşını ödəməli

"Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində Bakıdakı hotellərin qiyməti qəflətən bahalaşıb. Ekspertlər qeyd edirlər ki, hotellər "kral yarışları"ndan gələn faydadan sui-istifadə edir. FED.az-ın məlumatına görə, bu günlərdə paytaxtın brend hotellərində bir gecə keçirməyin qiyməti min manat və ondan bahadır.

Eləcə də bax: Bakıdakı hotellərin 90-95 faizi dolub

2018-ci ilin "kral yarışları" Azərbaycanda 27-29 aprel tarixlərində keçiriləcək. Yarış trassının yerləşdiyi ərazidə olan hotellərdə bir gecə keçirmək istəyən şəxs, prestijli vəzifələrdə işləyən azərbaycanlının bir aylıq maaşı qədər pul ödəməlidir.

"Hilton Baku"nun adi nömrələrində bir gecə qalmağın qiyməti 26-30 aprel tarixlərində orta hesabla 900 manatdır. Lakin iki və daha çox adamlıq nömrə götürmək istəyən daha çox vəsait ödəməli olacaq.

"Hilton Baku"nun qarşı tərəfində yerləşən "JW Marriott Absheron Baku"da isə, əvvəlcədən nömrə sifariş etməyənlər 800 manat ödəmək məcburiyyətindədirlər. "Park Inn By Radisson Baku Hotel"də isə yarışların keçirildiyi günlərdə qiymətlər rəqiblərindən cüzi aşağıdır — bir nəfərlik nömrə 774 manat civarında.

"Kral yarışları"nın keçirildiyi mərkəzi rayondan nisbətən aralıda yerləşən hotellərdə isə qiymətlər sözügedən hotellərdən 1,5-2 dəfə ucuzdur.

Haqqında bəhs etdiyimiz rəqəmlər hotellərin "online" bronlama sistemindən götürülüb. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi isə FED.az-a bildirib ki, bu cür beynəlxalq tədbirlərin keçirildiyi zamanlarda hotellərin qiymətlərinin qalxması təbiidir.

 

"Bu, təkcə Azərbaycanda müşahidə olunmur. Digər ölkələrdə də, nəinki "Formula-1" zamanı, eləcə də digər idman yarışları, futbol çempionatları kimi irimiqyaslı tədbirlər zamanı qiymətlərin qalxması tendensiyası müşahidə edilir. Odur ki, bizdə də qiymətlərin qalxması kifayət qərəd normal haldır" — deyə Dübəndi bildirib.

O, bununla yanaşı, bir sıra hotellərin vəziyyətdən sui-istifadə edərək qiymətləri "allahsızcasına" qaldırdığını da istisna etməyib: "Belə iş adamları isə həm öz bizneslərinə, həm də Azərbaycanın imicinə zərbə vururlar. Çünki belədə xarici turistlər ölkəmizə səyahətdən narazı qala bilərlər".

"Biz bununla bağlı öz fikirlərimizi çatdırmağa çalışırıq. Lakin ictimai təşkilatı təmsil etdiyimiz üçün onlara qarşı başqa heç bir təsir mexanizmimiz yoxdur" — deyə ekspert təəssüflə bildirib.

Dübəndi qeyd edib ki, Azərbaycanda hotelləri ulduzlara görə dərəcələrə ayırmaq, ixtisaslı kadrların hazırlanmasına diqqət yetirmək və azulduzlu hotellərin sayını artırmaq lazımdır: "Ölkədə bir qədər ucuz olan iki və üç ulduzlu hotellər seqmentini inkişaf etdirməyə ehtiyac var".

"Bu gün Bakı və ölkənin digər yerlərindəki hotellərdə çox az nömrələr var. Biz ölkəyə gələn bütün turistlərin tələbatlarını ödəyə bilmirik. Bakıdakı hotellərin əksəriyyəti beş və dörd ulduzlu otellərdir. Hotel qiymətərinin belə baha olması da bununla əlaqədardır" — ekspert vurğulayıb.( @Sputnik Azərbaycan)



 

Digər xəbərlər