Özbəkistan Turizmin İnkişafı üzrə Dövlət Komitəsindən verilən açıqlamada, 2018-2022-ci illərdə ölkə daxilində 278 otelin inşa edilməsinin planlaşdırıldığı qeyd edilib. Bu otellərin dövlət-özəl tərəfdaşlığı əsasında iişlədilməsinin nəzərdə tutulduğu bildirilib.
FED.az xəbər verir ki, açıqlamada, 2018-2020-ci illərdə dövlət-özəl tərəfdaşlığında 100 ədəd, 2021-2022-ci illərdə də 178 ədəd otelin inşa edilərək fəaliyyətə başlayacağı bildirilib. Mehmanxanaların inşa edilməsində Türkiyədəki otellərin təcrübələrindən istifadə ediləcəyi vurğulanıb. Açıqlamaya görə, sözügedən otellərin inşa edilməsində Türkiyədəki 8-50 otaqlı otellər nümunə götürüləcək.
Otellərin inşa ediləcəyi ərazilər ən azı 20 il eyni sektorda fəaliyyət göstərmək və mehmanxana ətrafında abadlıq işləri aparmaq şərtilə investorlara pulsuz veriləcək. Dövlətə məxsus olan və istifadə edilməyən mehmanxana və ya binalar isə "0" dollara investorlara veriləcək və ya icarəyə götürüləcək.
Özbəkistan hökuməti son dövrdə ölkədə turizmin inkişaf etdirilməsinə yönələn bir sıra qərarlar verib. Bu çərçivədə mart ayında bir çox ölkəyə viza sərbəstliyi və ya asanlığı təmin edən Özbəkistan, son olaraq da əcnəbilərə tətbiq edilən müvəqqəti yaşamaq üçün qeydiyyata alınma zərurətini ləğv edib. Həmçinin daha əvvəl vətəndaşlar üçün qapalı məkanlar olan Suffa Beynəlxalq Radio Astronomiya Rəsədxanası, Temirlenk Mağarası, Canka Gölü, Həzrət Sultan Kompleksi və Severtsev turistlərin ziyarətinə açılıb.
Özbəkistanda böyük bir qismi Daşkənd, Səmərqənd, Buxara və Hive şəhərlərində olmaqla minə yaxın otel fəaliyyət göstərir.