"Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır".
FED.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəyə gələn qonaqların sayında xeyli artım var: "Vizanın üç saat müddətində verilməsi demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, prezidentin hava limanlarında, sərhədlərdə məhz "ASAN Viza" sisteminin tətbiq edilməsi ilə bağlı verdiyi qərar bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsini müzakirə etdik və bu, gündəlikdədir".
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının qanunlarında, prezidentin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.
Nazir: "Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı"
12:16
2 Fev 2018