"Biz birlikdə çalışmağa öyrəşməliyik. Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb".
FED.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, nəticədə Azərbaycan turizminin imici aşağı düşür: "Həmin dəllallar guya xidmət göstərir, yalandan qiymətlər verir, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin imici aşağı düşür, biz itiririk. Birləşib, normal bir proqramın üzərində öz potensialımızı ortalığa qoya bilmir və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".
Nazir əlavə edib ki, hazırda turizm haqqında yeni qanun üzərində iş aparılır: "Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm".