Adanı turizm cənnətinə çevirmək planı baş tutacaqmı?
Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə (Nargin) adası paytaxtın ən müəmmalı yerlərindən biri sayılır. Ada özünün gözəl mövqeyilə seçilir. Buranın dünya səviyyəli istirahət zonasına çevriləcəyi ilə bağlı dəfələrlə müxtəlif məlumatlar yayılıb. Sonuncu belə layihə olan "Azərbaycan Mirvarisi" 2011-ci ildə təqdim olunub. Bu layihə park, otellər, qonaqları qəbul etmək üçün yanalma sahəsi daxil olmaqla, adanın beş zonaya bölünməsini nəzərdə tuturdu. Lakin bu irimiqyaslı planın həyata keçirilməsi o vaxt baş tutmadı. FED.az xəbər verir ki, Bakucity.az saytı layihənin müəllifi, Beynəlxalq Memarlıq Akademiyasının professoru, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyevlə söhbət edib. Müsahibəni oxucularımıza təqdim edirik.
Layihənin gerçəkləşdirilməsi iqtisadi vəziyyətdən asılıdır
Rasim Babakişiyev sözlərinə görə, müəyyən səbəblərə görə, indiyəcək layihəni reallaşdırmaq mümkün olmayıb:
"Layihə hələ 2011-ci ildə turizm və səyahət beynəlxalq sərgisində təqdim olunmuşdu. Onu o vaxt bəyəndilər, böyük maraq doğurdu. Həmin dövrdə Azərbaycan "Eurovision"da qalib gəldi, daha sonra ölkədə digər genişmiqyaslı tədbirlər keçirildi. Ola bilsin, bütün bunlar mənim layihəmin həyata keçirilməsini xeyli çətinləşdirib".Memar qeyd edib ki, belə irimiqyaslı layihələrin həyata keçirilməsi dövlət rəhbərliyi tərəfindən təsdiq edilməlidir, onun həyata keçirilməsi ölkədəki iqtisadi vəziyyətdən asılıdır:"Əlbəttə, belə turizm kompleksinin tikintisi turizmin inkişafına təkan verəcək. Layihə əsasında adada 5 mehmanxana inşa edilməli idi. Bundan başqa, adada "Köhnə Şəhər"in
("İçərişəhər"i xatırladan kompleks) tikintisi planlaşdırılırdı, bununla adada bütün milli mədəniyyətimiz bir yerə cəmlənəcəkdi.
"Nargin"dəki "Köhnə şəhər" öz gündəlik həyatını yaşamaqla yanaşı, Azərbaycanın mədəniyyətini, incəsənətini, milli ənənələrini əks etdirən muzey olmalı idi. 2-3 mərtəbəli binaların birinci mərtəbəsi tətbiqi sənət emalatxanaları, restoran, kafe, suvenir və antikvar mağazaları, xalq yaradıcılığı məktəbləri, rəsm qalereyası, sərgi salonları, rəsm studiyası, muzeylər kimi istifadə olunacaqdı. Burda həmçinin memarlıq, xalq yaradıcılığı, mədəniyyət sahəsində beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılırdı. Üst mərtəbələr isə yaşayış üçün nəzərdə tutulurdu".
Rasim Babakişiyevin sözlərinə görə, Böyük Zirə adası yalnız turizm sahəsi kimi məhdudlaşmayacaqdı, burada ümumtəhsil və musiqi məktəblərinin, teatrların, şərq bazarının tikilməsi də nəzərdə tutulmuşdu: "Adanın qərb hissəsində vacib şəxslər və dövlət xadimləri üçün iqamətgah, liman, vertolyot meydançasına malik "VIP" villalar qəsəbəsi, həmçinin VIP çimərlik olacaqdı"
Layihə müəllifi qeyd edib ki, adada konfransların, festivalların, sərgilərin, idman tədbirləri və beynəlxalq sammitlərin keçirilməsi üçün də universal konqres-mərkəz, həmçinin ultramüasir "Konqres" oteli tikiləcəkdi: "Gördüyünüz kimi, bu kifayət qədər irihəcmli layihədir. Ona görə də, mən baxılması üçün onu yenidən müvafiq qurumlara göndərdim. Layihə ilə investorlar, həmçinin turizm sahəsinin nümayəndələri daim maraqlanırlar".
Layihədə xatirə kompleksi də nəzərdə tutulub
Memar həmçinin xatırladıb ki, ada dəfələrlə tariximizin faciəli hadisələrinə şahidlik edib: "Ada ilk dəfə Birinci Dünya Müharibəsinin sonlarında dəhşətli məqsədlər üçün istifadə olunub. O dövrdə çar hökuməti buranı hərbi əsirlərin saxlanması üçün münasib yer hesab edirdi. Adanın hündür hissəsində daim üstü açıq olan çala qazılmışdı, ölən əsirləri bura atırdılar.
"Ona görə də adanın qurbanlarına abidə qurmağı və hər şeyi necə var elə saxlamağı irəli sürən skeptiklərin rəyini nəzərə alaraq, biz alternativ həll yolu da təklif etmişik. Buranın beynəlxalq əhəmiyyətli mədəni-xatirə-turizm mərkəzinə çevirməyi irəli sürmüşdük. Çünki belə cəlbedici sahəyə malik ərazini yiyəsiz qoymaq düzgün olmazdı".
Babakişiyev vurğulayıb ki, layihədə qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlərin təşkilini nəzərə alaraq, qazıntıların aparılması, dəfn qalıqlarının qardaşlıq məzarında saxlanılması nəzərdə tutulurdu:
"Bunun üçün "Köhnə şəhər"in "Tolerantlıq" meydanında adanın qurbanlarına həsr olunan muzey abidəsini, qardaşlıq məzarlığını, məscidlər, sinaqoqlar və kilsələri özündə cəmləyən memorial kompleksinin tikintisi nəzərdə tutulurdu".
"Azərbaycan Mirvarisi" layihəsinin taleyi necə olacaq?
"Mən ümid edirəm ki, hər halda bu layihə həyata keçiriləcək. Hazırda bu layihəni yenidən aktual etməyə çalışıram. Bütün hallarda layihə müsbət qarşılanıb. İqtisadi baxımdan faydası da var. Layihə baş tutsa, adada çoxlu iş yerləri açılacaq", - deyən memar bu nəhəng layihənin tikintisi üçün təxmini maliyyə xərclərini də hesablayıb.
"Mənim hesablamalarıma görə, tikintiyə təxminən 2 milyard dollar tələb olunur. Həmin dövrdə, 5-6 milyard dollar məbləğində xərclər tələb edən layihələr də təklif edilirdi. Ona görə də, mən hesab edirəm ki, mənim planım ən düşünülmüşü idi, çünki onun qiyməti daha məqbuldur", - deyə tanınmış memar fikrini tamamlayıb.
Əfsanəvi Böuük Zirə adasına öz simasını həmişəlik dəyişmək qismət olacaqmı, yoxsa o elə bu cür toxunulmaz qalacaq? Araşdırmamız zamanı biz öyrənə bildik ki, "Azərbaycan Mirvarisi" layihəsinin icrası haqqında düşünülür. Bəlkə də yaxın vaxtlarda bununla bağlı müsbət qərar veriləcək.