Ölkəmizin əksər bölgələrinə olduğu kimi, Lənkərana da qış fəslində turistləri cəlb etmək mümkündür. Bölgənin mövcud potensialı burada qış turizmini inkişafına əlverişli şərait yaradır.
Bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunmuş Lənkəran rayonuna yay fəslində turist axını çox olsa da, bunu qarlı-şaxtalı qış fəsli üçün demək, təəssüf ki, mümkün deyil. Turistlərin çoxu qış aylarında əsasən dağlıq ərazilərə getməyə üstünlük verir.
FED.az xəbər verir ki, builki qış mövsümünün əvvəli Lənkəranda qış turizminə maraq göstərənlərin az olmağını üzə çıxardı.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, əvvəllər Lənkəranda 4-5 ay turizm mövsümü sayılırdısa, indi ilin bütün aylarında burada turist görmək olur. 2017-ci ildə rayona 30 minə yaxın turist gəlib. Bunun 20 faizini xarici turistlər təşkil edir. Noyabr ayında turistlərin sayı 1600, dekabr ayında isə 2000-dən çox olub.
Turistlərin sayının çoxluğu nəzərə alınaraq, Lənkəranda iki böyük otel inşa edilir. Bu otel komplekslərindən biri məhz dağlıq ərazidə yerləşir. Burada qış turizmi üçün hər cür şərait yaradılır. 2018-ci ildə bu istirahət mərkəzləri turistlərin ixtiyarına veriləcək.
Ötən ilin dekabr ayında Lənkəranda keçirilən “Çay, çəltik və sitrus festivalı” da rayona turist axınına səbəb olub.
Ələt-Astara beynəlxalq avtomobil yolu, Lənkəran Beynəlxalq Aeroportunda aviareyslərin sayının artırılması rayonda qış turizmini inkişaf etdirmək üçün real imkanlar açır.
Bu il ölkəmizin cənub bölgəsi “Cənub rekreasiya zonası” elan olunacaq. Bu isə öz növbəsində bölgədə turizm sektorunun inkişafına böyük töhfə verəcək. Artıq bu məqsədlə ekstremal və qış turizmi üçün əlverişli ərazilər də müəyyən edilib.