Sosial şəbəkələrdə “Şahdağ” dağ xizəyi turzim kompleksində yaranmış izdihamla bağlı görüntülər yayılıb.
FED.az xəbər verir ki, hadisə dekabrın 16-da, qış mövsümünün açılışı zamanı baş verib.
Videoda yüzlərlə insanın kanat yoluna növbəni gözləməkləri əks olunub. Mühafizəçilər isə növbədə dayananları bacardıqları kimi sakitləşdirməyə çalışıblar.
“Şahdağ” Turizm Mərkəzindən bildirilib ki, insident sayca altıncı qış mövsümünün açılışı 16 dekabr tarixində baş verib və gün ərzində mərkəz 3000-dən çox turist qəbul edib. Növbəti gün – 17 dekabr tarixində mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməyib.
“Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın “Doppelmayr” şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər.
Əlbəttə, mərkəzimizə olan marağın və turistlərin sayının ilbəil durmadan artması bizi çox sevindirir. Ancaq təəssüflə bildiririk ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər. Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılıb, kanat yollarının sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılıb”, - açıqlamada deyilir.