Şahdağ Turizm Mərkəzi gün ərzində 2000-ə yaxın xizəkçiyə xidmət göstərir.
Bu barədə FED.az-a Turizm Mərkəzindən məlumat verilib. Mərkəzin əməkdaşı Gülnar Mustafayeva bildirib ki, burada mövcud olan müxtəlif xarakteristikalı 11 lift bir saat müddətində 11 min 400 nəfər xizəkçini daşıya bilir: “Mərkəz gün ərzində 10 min turist qəbul edə bilir”.
Xizək sürmək istəyənlərə gəlincə, mərkəzdən bildirilib ki, avadanlıqların sayını nəzərə alanda gündə 2 min nəfər xizək sürə bilər: “Turizm mərkəzində fəaliyyət göstərən xizəklərin icarəsi məntəqələrində 2000-dən çox xizək avadanlığı mövcuddur. Xizəklərin icarəsi məntəqəsində gün ərzində 2000-ə yaxın xizəkçiyə xidmət göstərilə bilir. Hazırda mərkəzdə 11 lift və 13 xizək yamacı istifadədədir. Kanat yolları biletləri və xizək avadanlıqlarının kirayəsi qiymətlərində həftə sonu və həftə arası günlər fərq etmir”.
G.Mustafayeva mərkəzdəki xidmətlərə görə, qiymətləri də açıqlayıb. Belə ki, xizək izi maşınında gəzintinin 30 dəqiqəsi 18 manata, 1 saatı 28 manatadır. Burada fəaliyyət gösətərən peyntbol oyunu üçün 200 top 22 manata, əlavə 1000 top isə 12 manatadır. Ziplayn-ın 1 dəfə enişi 9 manata, 1 dəfə enişi 17 manatadır. At üzərində gəzintinin 10 dəqiqəsi 7 manatadır. Qarda tubinqin 3 dəfə enişi 4 manata, 5 dəfə enişi 5 manatadır. Burada uşaqlar üçün əyləncə mərkəzi də fəaliyyət göstərir. Çöldə uşaq əyləncə mərkəzinin 30 dəqiqəsi 3 manata, bağlı yerdə isə 2 saatı 6 manatadır. Macəra parkının 15 dəqiqəsi 2 manatadır. Atıcılıq mərkəzində 1 atəş 1,50 manatadır. Kvadrosikll turlarının qiyməti isə 7-41 manat arası dəyişir. Aeroxizək turlarının qiyməti 18-38 manat arası, buz meydançasının qiyməti isə 6-30 manat arası dəyişir.
İctimaiyyətlə əlaqələr şöbəsi yaxın günlərdə Şahdağ Turizm Mərkəzində baş vermiş izdihamla bağlı məsələyə aydınlıq gətirərək bildirdilər ki, Mərkəz bu günə qədər 3000-dən 4000-dən artıq müştəri qəbul edib. Amma belə hadisə ilk dəfə baş verib: “Təəssüflə bildiririk ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər. Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılaraq, kanat yollarının sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradıb”.
“Bizdə gündə 2 min nəfər xizək sürə bilər” – “ŞAHDAĞ”DA QİYMƏTLƏR
17:56
20 Dek 2017