2017-ci il yanvar ayının 10-dan etibarən “ASAN Visa” sistemi ilə xarici vətəndaşlara viza verilməsinə başlanılıb. FED.az xəbər verir ki, bu barədə "ASAN Xidmət"in Aparatının Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov məlumat verib.
Bildirib ki, sistem qurulduqdan sonra turistlərin ölkəyə gəlişi asanlaşıb: " Bu günə kimi sistem vasitəsilə 280 minə yaxın şəxsə Azərbaycana gəlməsi üçün viza verilib. Hazırda viza verən ölkələrin sayı 81-dən 94-ə qalxıb. Əvvəlcə vizalar ancaq 3 iş günü ərzində verilirdisə, 2017-ci ilin ortalarından başlayaraq 3 saat ərzində də viza verilməsi mümkündür. Bu isə turistlərin işini daha da asanlaşdırıb. Əvvəl vizalar 30 gün üçün birgirişli formada verilirdisə cənab Prezidentin fərmanı ilə Miqrasiya Məcəlləsinə olan sonuncu dəyişikliklə artıq vizalar çoxgirişli və 90 gün müddətinə verilir. Yaxın günlərdə sistemin bu dəyişikliyə uyğunlaşdırılması həyata keçiriləcək".
Daha bir yenilik isə “ASAN viza 2.0” sisteminin yaradılması ilə bağlıdır. C.Salmanovun sözlərinə görə, bu sistem Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi işini aparacaq.
"Hazırda sistem üzərində işlər gedir. Yeni xidmət üçün “ASAN xidmət”in bütün mərkəzlərində yeni şöbə yaradılacaq. Səfirliklərin ölkədəki şöbələri bir sistemə qoşulacaq və mərkəzlərdə yaradılan yeni şöbə bütün səfirliklərlərə aid vizalar üçün müraciətləri qəbul edə biləcək. Nazirliklərin elektron xidmətlərindən istifadə olunduğu üçün viza alınması əməliyyatı vətəndaşlar üçün daha da asanlaşdırılacaq".
Bundan sonra vətəndaşın özü ilə gətirməli olduğu sənədlərin sayı azalacaq, həmin sənədlər müvafiq qurumların sistemlərindən götürüləcək. Həmçinin, bundan sonra “ASAN xidmət” mərkəzlərinin olduğu regionların vətəndaşları viza almaq üçün paytaxta gəlmək məcburiyyətində qalmayacaq, sənəd yığmalı, növbəyə durmalı olmayacaqlar. Vətəndaşlar ancaq viza sənədini götürmək üçün səfirliklərə gedəcəklər.
Qeyd edək ki, yeni sistemin 2018-ci ildə işə başlaması nəzərdə tutulub. C.Salmanov deyib ki, artıq pilot səfirliklərin seçilməsi işinə başlanılıb. İlkin olaraq Mərakeş səfirliyi seçilib. Litva və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri ilə bu istiqamətdə danışıqlar aparılır. Dövlət Agentliyində bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumlari ilə birgə İşçi Qrupu da yaradılıb.